44 günlük savaşın nəticələrindən hələ də özünə gələ bilməyən Ermənistan günahkar axtarışlarını davam etdirir.
AzerTimes xəbər verir ki, Ermənistan İstintaq Komitəsi “Dağlıq Qarabağın müdafiə ordusunun müdafiə bölməsinin komandiri” S.A.-nın həbs edildiyini açıqlayıb.
Bildirilib ki, polkovnik S.A. 2019-cu ilin noyabrından 2020-ci ilin 4 oktyabrına qədər “müdafiə zonasının” komandiri olub və döyüş növbətçiliyi qaydalarını pozub.
S.A. 26 sentyabr 2020-ci ildə hərbi hissənin yaranması günü ilə bağlı ziyafət təşkil edib və orda 100-ə yaxın zabit iştirak edib.
“Bölmə rəisləri ona məlumat veriblər ki, düşmən qoşunlarının hərəkəti müşahidə edilir. Buna baxmayaraq, polkovnik şəxsi heyəti tam döyüş hazırlığı vəziyyətinə gətirməyib.
Sentyabrın 27-si saat 06:10-dan etibarən ona tankların və zirehli texnikanın cəbhə xətti istiqamətində irəliləməsi barədə məlumat verilsə də, yenə də nizamnamədə nəzərdə tutulmuş heç bir tədbir görməyib.
Nəticədə sentyabrın 27-də saat 07:10 radələrində Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hücuma keçərək Ermənistan qoşunlarına böyük ziyan vurub və müdafiəni yarıb”, – məlumatda bildirilib.
İstintaq Komitəsi bu pozuntunun nəticəsində strateji yüksəkliklərə, o cümlədən Talış və Suqovuşana faktiki olaraq nəzarətin itirildiyini qeyd edib.
Polkovnikə “qəfil hücumun vaxtında aşkar edilməsinə və qarşısının alınmasına və ya təhlükəsizliyin təmin edilməsinə yönəlmiş döyüş növbətçiliyi və ya döyüş xidməti qaydalarını pozma” maddəsi ilə ittiham irəli sürülüb. Zabit həbs edilib.
Qeyd edək ki, İrəvan sözügedən polkovniki “Dağlıq Qarabağın müdafiə ordusunun müdafiə bölməsinin komandiri” kimi təqdim etməyə çalışmaqla, guya ordusunun Qarabağda yerləşdirilməsini gizlətməyə və yaxud ört-basdır etməyə çalışır. Çünki bundan öncə Ermənistan TŞ katibi Armen Qriqoryan guya Azərbaycan Ordusunun hücuma keçməsindən sonra Ermənistan ordusunun “yardım üçün” getdiyini bildirmiş və məhz həmin qüvvələrin də avqustun sonuna qədər çıxarılacağını açıqlamışdı.
Ancaq Ermənistan faktiki olaraq bu açıqlama ilə özünü ifşa edir. Əgər doğrudan da sözügedən polkovnik “Dağlıq Qarabağın müdafiə ordusunun müdafiə bölməsinin” komandiridirsə, Ermənistan İstintaq Komitəsində niyə ittiham olunur? Bəs hanı separatçı-terrorçular? “DQ-nin müdafiə ordusu” ola bilir, “istintaqı” olmur?