Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının növbəti iclasında təmsil olunur (FOTO)

21 mart tarixində Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya
İttifaqı (BTİ) Şurasının növbəti iclası öz işinə başlayıb. İclasda
ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən
Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar
dinlənilib, cari il və gələcək illər üzrə fəaliyyət planlarının,
maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi
aparılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a bildirilib
ki, tədbirin ilk günü nazir müavini Rövşən Rüstəmov məruzə ilə
çıxış edərək, Azərbaycanda İKT infrastrukturunun inkişafı və
rəqəmsal transformasiya üzrə görülən işlər barədə məlumatları
iştirakçıların diqqətinə çatdırıb.

Nazir müavini bildirib ki, ölkəmizdə, əhalinin demək olar ki, 85
faizi internetdən istifadə edir.

“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və
GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı
layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to
the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı
internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər
minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə
nail olmaqdır”, – deyə Rövşən Rüstəmov qeyd edib.

Nazir müavini ölkəmizdə bu istiqamətdə dövlət-özəl
tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini diqqətə
çatdırıb.

Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda bütün əhali mobil
şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb.
Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin
sayı 73-ə bərabərdir.

Nazir müavini əlavə edib ki, rabitə rəqəmsal transformasiyanın
ilkin şərtidir və bu, hazırda bir çox ölkələrdə, o cümlədən
Azərbaycanda strateji hədəflərdən biridir. Bu məsələdə ölkəmiz
Beynəlxalq Telekommunikasiya İttifaqının əhəmiyyətli roluna böyük
önəm verir. Belə ki, BTİ hökumətlərin və digər maraqlı tərəflərin
əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və çətin
problemləri həll etmək üçün bir araya gəldiyi vacib
platformadır.

Rövşən Rüstəmov, eyni zamanda cari ilin sentyabr-oktyabr
aylarında Buxarest şəhərində keçiriləcək Səlahiyyətli Konfransda
Azərbaycanın növbəti müddət üzrə Şura üzvlüyünə və ölkəmizin
nümayəndəsi Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə
Bürosunun üzvlüyünə namizədliklərinin irəli sürüldüyünü bəyan
edib.

Qeyd edək ki, Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i
təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və
2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində
Şuranın fəaliyyətində fəal iştirak edir.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti BTİ-nin
Radiorabitə Bürosunun direktoru Mario Manieviç və Standartlaşdırma
Bürosunun direktoru Çeysub Li ilə görüşlər keçirib, BTİ ilə
əməkdaşlığın genişləndirilməsi imkanları üzrə müzakirələr aparıb.
Həmçinin ABŞ, Rumıniya, Türkiyə, Qana və Uqanda nümayəndə heyətləri
ilə baş tutan ikitərəfli görüşlər zamanı BTİ çərçivəsində
tərəfdaşlıq üzrə perspektivlər və təşkilatın növbəti Səlahiyyətli
Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında
fikir mübadiləsi aparılıb.

Teqlər: