Azərbaycan beynəlxalq tədbirlərdə təmsil olunur

Avropa Şurasında Rusiya Federasiyasının üzvlüyünün 25 illiyinin qeyd olunması münasibətilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində 19 may 2021-ci il tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (МGİМО) “Elektron ədliyyə: şəffaflıq, səmərəlilik və əlçatımlıq” mövzusunda beynəlxalq tədbir keçirilmişdir.

Dünya miqyasında tanınmış siyasətçilərin formalaşmasında xüsusi yeri olan bu təhsil müəssisəsinin təşkil etdiyi tədbirdə Avropa Şurası adından azərbaycanlı hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) rəhbəri qismində tədbiri açaraq mövzuya dair çıxış etmişdir. Sözügedən iclasda açılış nitqi ilə Rusiya Hakimlər İttifaqının sədri Viktor Momotov, Avropa Şurasının rəsmiləri, o cümlədən Parlament Assambleyasının sədr müavini də iştirak etmişlər. İclasda Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq sədri professor Sicilianos Linos-Aleksandrın “İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində fərdi şikayətlər” adlı kitabının təqdimatı da aparılmışdır.

Eyni zamanda, hər il ənənəvi olaraq Rusiya Prezidentinin himayəsi altında 18-22 may 2021-ci il tarixlərində keçirilən Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində “Məhkəmə və ədliyyə sisteminin rəqəmsallaşdırılması” adlı sessiyasında Rusiya Federasiyası Ədliyyə Nazirliyinin rəhbərliyinin dəvəti ilə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri Ramin Qurbanov çıxış edərək Avropa dövlətlərində elektron ədliyyənin tətbiq olunması vəziyyəti və bu sahədə əldə olunan nəticələr barədə məlumat verdi. Həmin sessiyada, həmçinin İrlandiya Məhkəmə Xidmətinin Baş direktoru Angela Denniq və digər rəsmilər iştirak etmişdir.

Məlumat üçün bildiririk ki, sözügedən Forumda Avropa və MDB ölkələrinin dövlət xadimləri, ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların rəhbərləri, müxtəlif hüquq sahələrində tanınmış ekspertlər, görkəmli alimlər, habelə nüfuzlu hüquq şirkətlərinin və beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak etmişdir.

Teqlər: