Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib (FOTO)

24-27 sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak ediblər.

Sərgidə bir sıra ölkələr və 200-dən çox nəşriyyatlar iştirak etmişdir. Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus və ingilis dillərindəki 200 adda kitablar sərgilənmişdir.

Tədbirdə Xalq yazıçısı Anar və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndəsi Nigar Axundova iştirak etmişlər.

Həmçinin, sərgi boyunca maraqlananlara nümayəndə heyəti tərəfindən tariximiz, Qarabağ həqiqətləri, şanlı qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilmiş və bəzi kitablar Azərbaycan stendinin ziyarətçilərinə hədiyyə edilmişdir.

Eyni zamanda sərgi çərçivəsində tədbirin iştirakçılarına cari ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi haqqında məlumat verilmişdir. Gənc oxucular sərgi-yarmarkada Nizami haqqında nəşrlərə böyük marağ göstərmişlər.

Sərgidə Rusiyanın Milli Kitabxanasının, Elmlər Akademiyasının bəzi institutlarının, bir sıra ali təhsil müəssisələrinin və digər dövlət qurumlarının nümayəndələri Azərbaycan stendində sərgilənən bir çox kitablara diqqət göstərmişdir.

Teqlər: