Azərbaycan Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyasının tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa çatdırır (MÜSAHİBƏ)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Artıq bir müddətdir ki, avtomobil nəqliyyatı ilə beynəlxalq
daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın
daşıyıcılar arasında bölüşdürülməsi prosesi yeni mexanizmə əsasən
həyata keçirilir. Prosesdən razı qalanlar da var, buna etiraz
edənlərdə. Mexanizmin dəyişdirilməsinə səbəb nə idi? Məsələ ilə
bağlı bu və digər suallarımızı Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin rəisi Anar Rzayev AzerTimes-a müsahibəsində
cavablandırıb.

– Anar müəllim, nəyə görə “İcazə blankları”nın bölgüsü
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən deyil, Xüsusi
Komissiyya tərəfindən həyata keçirilir? Məqsəd nədir?

Əvvəllər “İcazə” blanklarının bölgüsünün aparılması zamanı
şəffaflığın təmin edilməsi ilə əlaqədar bir sıra çatışmamazlıqlar
mövcud idi. Bu xüsusda “İcazə” blanklarının bölüşdürülməsi
prosesinin tam şəffaflaşdırılması üçün zəruri tədbirlər görülmüş və
ictimai iştirakçılıq təmin edilmişdir. Hazırda “İcazə” blanklarının
bölüşdürülməsi Xüsusi Komissiya tərəfindən həyata keçirilir. Xüsusi
Komissiya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyası nəzdində fəaliyyət göstərir və onun işində bütün
aidiyyəti maraqlı tərəflər – dövlət orqanı, assosiasiya və
daşıyıcıların nümayəndələri iştirak edirlər.

Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində
sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad
rəqabətin təmin olunması, milli daşıyıcıların beynəlxalq daşımalar
bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli
şəraitin yaradılması və inhisarçılığın qarşısının alınmasıdır.
Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın
tənzimlənməsində Azərbaycanın da qoşulduğu Beynəlxalq Nəqliyyat
Forumunun Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən
beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının
tələblərinin icrasına tam nail olmaq da qarşıda duran əsas
hədəflərdən biridir.

Qeyd edim ki, “İcazə blankları”nın bölgüsü prosesinin
təkmilləşdirilməsi azad rəqabət mühitinin inkişaf etdirilməsi,
daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və
beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin
yaxşılaşdırılmasına şərait yaradır.

– “İcazə blankları” hansı meyarlar əsasında verilir ?
Yəni daşıyıcı şirkətlər və sürücülər onu necə əldə edə bilərlər
?

– “İcazə” blanklarına olan tələbat və onların kvota ilə müəyyən
edilmiş sayından asılı olaraq “İcazə” blankları defisit, xüsusi
defisit və qeyri-defisit “İcazə” blankları kimi müəyyən edilir.
Xüsusi defisit “İcazə” blanklarının bölgüsü konkret fakt əsasında
daşımanın həyata keçirilməsi üçün tərtib edilmiş beynəlxalq
nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) və ya digər təsdiqedici
sənədlərin əsasında aparılır. Defisit və qeyri defisit “İcazə”
blanklarının bölgüsü daşıyıcıların nəqliyyat vasitələrinin sayı və
ya onların bazar payı metodu əsasında aparılır.

“İcazə” blanklarının bölgüsü nəqliyyat vasitələrinin sayı
əsasında aparıldıqda bölgüdə iştirak edən daşıyıcıların
istifadəsində olan nəqliyyat vasitələrinin sayı və bölgüyə
çıxarılan “İcazə” blanklarının sayı əsas götürülür. Hər bir “İcazə”
blankı növü üzrə bölgüyə çıxarılan “İcazə” blanklarının sayı həmin
“İcazə” blanklarının bölgüsündə iştirak edən daşıyıcılara məxsus
nəqliyyat vasitələrinin sayına bölünür və bir nəqliyyat vasitəsinə
düşən “İcazə” blankının sayı hesablanır. Bundan sonra bir nəqliyyat
vasitəsinə düşən “İcazə” blankının sayı hər bir daşıyıcı üzrə
onların nəqliyyat vasitələrinin sayına vurularaq hər bir daşıyıcı
üçün bölüşdürülən “İcazə” blankının sayı müəyyən edilir.

Daşıyıcıların bazar payı “İcazə” blanklarının bölgüsü aparılan
tarixə daşıyıcının pozuntusuz istifadə etdiyi “İcazə” blanklarının
sayının bütün daşıyıcılar tərəfindən istifadə edilmiş “İcazə”
blanklarının sayına nisbəti kimi hesablanır. Bazar payı metodu
əsasında bölgü aparılarkən bölgüyə çıxarılan “İcazə” blanklarının
sayı daşıyıcının bazar payına vurulur və hər bir daşıyıcı üçün
bölgü payı hesablanır. Bazar payı metodu əsasında bölüşdürülən
“İcazə” blankalarının tam istifadə edilməsini sübut edən
daşıyıcılar üçün bölgü ilə müəyyən edilmiş “İcazə” blanklarının
sayına həmin sayın 10%-i miqdarında əlavə “İcazə” blankı
bölünür.

Qeyri-defisiti ikitərəfli/tranzit daşımalar üçün “İcazə”
blanklarının bölgüsü zamanı daşıyıcıya məxsus nəqliyyat
vasitələrinin qeyd olunan istiqamət üzrə edə biləcəyi mümkün
maksimum reys sayları nəzərə alınır. Daşıyıcı tərəfindən ay ərzində
Rusiya və Türkiyə istiqamətinə maksimum 2.5, İran və Gürcüstan
istiqamətinə maksimum 3.5, digər ölkələrə 1.5 reys edə biləcəyi
qəbul edilir.

“İcazə” blanklarının yuxarıda qeyd olunan üsullarla bölgüsünün
aparılması şəffaflığın və ədalət prinsipinin qorunmasına şərait
yaradır.

– Bəs bu yeniliklərdən narazı olan sahibkarlar varmı?
Səbəb nədir?

– Bildiyiniz kimi, “İcazə blankları” məhdud sayda mübadilə
edilir. Yəni “İcazə” blankları xarici dövlətlərlə müəyyən edilmiş
kvotaya uyğun mübadilə olunduğu üçün müəyyən limit mövcuddur. Bu
səbəbdən də artıq qeyd etdiyim kimi tələbatdan və kvota ilə müəyyən
edilmiş saydan asılı olaraq “İcazə” blankları üç kateqoriyaya –
defisit, qeyri-defisit və xüsusi defisit kateqoriyalarına
bölünüb.

Lakin belə bir məhdudiyyətin olmasına baxmayaraq, bəzi
daşıyıcılar daha çox defisit və xüsusi defisit “İcazə” blankı tələb
edir. Bu zaman nəzərə almaq lazımdır ki, hər hansı daşıyıcıya bölgü
ilə müəyyən edilmiş saydan artıq qeyd olunan “İcazə” blankının
verilməsi digər daşıyıcının payının azalması ilə nəticələnə bilər
ki, bu da öz növbəsində payı azalan daşıyıcının haqlı narazılığına
səbəb olar. Bu baxımdan bəzi daşıyıcılar onların istədikləri qədər
“İcazə” blanklarının bölünməməsinə görə narazılıq edirlər.

Qeyd etmək istərdim ki, narazılıq ifadə edən daşıyıcılarla
intensiv görüşlər keçirilir, bölgünün aparılmasının prinsipləri
barədə onlara ətraflı məlumatlar verilir. Məlumat üçün bildirirəm
ki, ötən üç ay ərzində 4 dəfə təxminən 70 nəfərdən ibarət daşıyıcı
ilə qrup şəkilində, və çoxlu sayda daşıyıcı ilə fərdi qaydada
görüşlər keçirilmişdir.


– “İcazə blankları”nın sayının artırılması
mümkündürmü?

“İcazə blankları” ölkələr arasında qarşılıqlı razılığa əsasən
daşımaların həcminə uyğun olaraq müəyyən edilir və beynəlxalq
yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu
sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota
əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.

Onu da qeyd edim ki, ikitərəfli daşımaları həyata keçirmək üçün
“İcazə” blanklarının sayında, eləcə də onların artırılmasında
adətən problem olmur. Lakin 3-cü ölkəyə/ölkədən “İcazə”
blanklarının sayının artırılmasında ciddi çətnliklər olur ki, bu da
həmin ölkələrin öz beynəlxalq avtomobil daşımaları bazarını qorumaq
istəyi ilə əlaqədardır. Belə “İcazə” blanklarının kvotasının
artırılması faktiki olaraq öz daşıyıcılarının bazar payının
azaldılması ilə nəticələnir. Bu hal bizim tərəfimizdən xarici
ölkələrə verilən 3-cü ölkəyə/ölkədən “İcazə” blanklarına da
aiddir.

– Məlum olduğu kimi, daşıyıcılar arasında çoxtərəfli
icazə olan BNF kitabçalarının da bölgüsü keçirilib. Bu bölgünün
mexanizmi haqqında məlumat verməyinizi xahiş edirik?

– İlk öncə qeyd etmək istərdim ki, BNF kitabçaları Beynəlxalq
Nəqliyyat Forumu tərəfindən müəyyən edilən kvotaya uyğun olaraq üzv
ölkələr üçün ayrılır və 2015-ci ilin may ayında Beynəlxalq
Nəqliyyat Forumunun Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata
keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası qəbul edilmişdir.
Keyfiyyət Xartiyası BNF icazələrinin bölgüsü şərtlərini müəyyən
edir və onun tələblərinə əsasən BNF kitabçasından istifadə edən
daşıyıcılar təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və
peşəkarlıq səriştəsi ilə bağlı bir çox tələblərə cavab verməlidir.
Bu xüsusda BNF kitabçalarının bölgüsü aparılarkən ilk növbədə bu
tələblərə daha çox cavab verən daşıyıcılara üstünlük verilmiş,
ilkin olaraq daşıyıcıların nəqliyyat vasitələri üzrərində istifadə
hüququnun olması və sürücülərlə rəsmi əmək müqaviləsinin
bağlanılması şərt kimi. Bu tələblərə cavab verən daşıyıcılar
arasında bölgü aparıldıqdan sonra yerdə qalan BNF icazələri digər
daşıyıcılar arasında bölüşdürülmüşdür.

Avro 5 Rusiya məhdudiyyətli BNF icazələrinə maraq o qədər də
yüksək olmadığından, daşıyıcılar tərəfindən götürülməyən bu
icazələrin yenidən bölgüsü aparılmış və onlara maraq göstərən
daşıyıcılara təklif edilmişdir.

Əlavə olaraq bildirirəm ki, əvvəlki illərdə təxminən 500 ədəd
civarında BNF kitabçası istifadəsiz qalırdı. Bu il tətbiq olunan
bölgü mexanizmi nəticəsində demək olar ki, bütün BNF icazələri
daşıyıcılar arasında paylanılmışdır.

Onu da qeyd etmək istərdim ki, BNF icazələrinin istifadə
qaydaları haqqında daşıyıcıların mütləq əksəriyyətində, hətta bir
çox iri daşıyıcılarda belə bilik çatışmamazlığı mövcuddur. Bu da öz
növbəsində bzim daşıyıcıların mütəmadi olaraq BNF İcazələrinin
istifadəsi ilə bağlı tərəfdaş dövlətlərdə cərimələnməsi ilə
nəticələnir. Belə halların aradan qaldırılması üçün tərəfimizdən
təlimlərin keçirilməsi nəzərdə tutulur.

BNF katibliyindən bir neçə dəfə daxil olan xəbərdarlıq
məktublarında da qeyd olunur ki, BNF kitabçalarının Keyfiyyət
Xartiyasının tələblərinə cavab verməyən daşıyıcılar tərəfindən
istifadə edilməsi, Azərbaycan üçün ayrılan BNF icazələrinin
kvotasının məhdudlaşdırılması ilə nəticələnə bilər. Bununla
əlaqədar olaraq, növbəti mərhələdə BNF icazələrindən istifadə edən
daşıyıcıların Keyfiyyət Xartiyasının tələblərinə cavab verəcək
səviyyədə hazırlanması istiqamətində tədbirlər görüləcək, növbəti
ilin bölgüsü yalnız bu tələblərə cavab verən daşıyıcılar arasında
aparılacaqdır.

Məlumat üçün nəzərinizə çatdırıram ki, artıq bir sıra dövlətlər
Keyfiyyət Xartiyasının tələblərini öz daxili qanunvericiliklərinə
implementasiya ediblər. Bu proses Azərbaycanda da başlayıb və
tamamlanmaq üzrədir. Keyfiyyət Xartiyasının tələblərinin ölkəmizdə
tətbiqi avtomobil nəqliyyatı sektorunun inkişafına müsbət töhfə
verməklə Azərbaycan daşıyıcılarının beynəlxalq avtomobil daşımaları
bazarında rəqabət qabiliyyətinin artmasına ciddi təkan verəcək.

– “İcazə” blanklarının bölgüsünün daha da
təkmilləşdirilməsi üçün hansı növbəti addımlar
planlaşdırılır?

– “İcazə” blanklarının bölgüsünün daha da təkmilləşdirilməsi
üçün müvafiq proqram təminatının hazırlanması, proseslərin tam
avtomatlaşdırılması istiqamətində tərəfimizdən tədbirlər görülür.
Proqram təminatında daşıyıcılar üçün elektron kabinetlərin
yaradılması, müraciətlərin bu kabinet üzərindən edilməsi, bölgünün
nəticələrinin elektron kabinetdə yerləşdirilməsi nəzərdə
tutulur.

Bu proqram təminatı daşıyıcıların “İcazə” blanklarına çıxışını
sadələşdirəcək, “İcazə” blanklarından səmərəli istifadənin təmin
edilməsi üçün effektiv, dayanıqlı və etibarlı idarəetmə sisteminin
formalaşmasına imkan verəcəkdir.

Teqlər: