Azərbaycan Beynəlxalq Bankının layihələri “Baku Transit Forum 2021: Smart City” forumunda təqdim ediləcək

Aprelin 6-da “Baku Transit Forum 2021: Smart City” beynəlxalq onlayn forumu başlanır. Forum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az internet portalının təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə keçirilir.

Forumda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “Ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivlər barədə təqdimatlarla çıxış edəcəklər.

Tədbirin çıxışçıları sırasında Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və Bankın Pərakəndə bankçılıq departamentinin direktor müavini Əfqan Abbasov da var. Forumda Bankın son illərdə ölkəmizə gətirdiyi və “Ağıllı şəhər” konseptinin inkişafına xidmət edən innovativ bankçılıq həlləri, o cümlədən NFC texnologiyası ilə bağlı təqdimatlar, müzakirələr olacaq. Xüsusilə dəmiryolu nəqliyyatında gediş haqlarının Azərbaycan Beynəlxalq Bankının kartları ilə təmassız ödənişi haqqında ətraflı məlumat veriləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: