Azərbaycan Badminton federasiyası və DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi ilə bərabər əməkdaşlığa start verilib.
Trend-in məlumatına görə, əməkdaşlıq
çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
benefisiarları və Badminton federasiyası arasında ilkin tanışlıq
olub.
Tanışlıq zamanı Badminton üzrə Azərbaycan Milli Komandasının baş
məşqçisi Murtuza Validarvi benefisiarları badminton barəsində
məlumatlandıraraq onlarla oyun təşkil edib və ilkin maraq
yaradıb.
Sözügedən əməkdaşlığın əsas məqsədi aztəminatlı ailələrin, qazi
və şəhid övladlarının, fiziki məhdudiyyətli şəxslərin idman
sahəsində inkişaf edib, müəyyən peşə və bacarıqlara sahib
olmasıdır. Bununla yanaşı, həmin uşaqlar arasında istedadı olanlar
seçilərək badminton sahəsində yetişdirilməsi nəzərdə tutulur.
Həmçinin onlarda idman sahəsinə maraq oyadılaraq, sağlam həyat
tərzi yaşamalarına dəstək olunur.
Qeyd edək ki, ötən ilin oktyabr ayında açılışı olan DOST
İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan
şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində
fəal dövlət siyasətinin bariz nümunəsidir. Birinci vitse-prezident
Mehriban Əliyevanın təşəbbüsü nəticəsində yaradılan Mərkəz Cənubi
Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət
istiqamətlərini birləşdirən ən böyük inklüziv yaradıcılıq və
inkişaf məkanıdır. Eyni vaxtda 140-dək şəxsə müxtəlif peşə
bacarıqlarının öyrədildiyi mərkəzdə xalçaçılıq, tikiş, toxuma,
metal və ağac üzərində oyma, təsviri sənət, keramika, floristika,
rəqs, kapoeyra, musiqi, audio-səsyazma və s. studiyaları, kitabxana
fəaliyyət göstərir. Həmçinin Mərkəzdə inklüziv teatr tamaşaları,
müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan
121 yerlik auditoriya da yaradılıb.
Az bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Mərkəzdə
inklüziv simli kvartet, musiqi ansamblı yaradılıb. Həmçinin
mərkəzin faəliyyətə başladığı müddət ərzində J.B.Molyerin “Xəsis”
əsərinin motivləri əsasında hazırlanmış, modern əsaslarla quruluşu
verilən “And” tamaşası və Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı
əsasında hazırlanan “Solğun sevgilər” tamaşası təqdim olunub.
Xatırladaq ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial
cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf
etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar
açır. Mərkəz həssas qrupların cəmiyyətə inteqrasiyasına,
sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə
mühüm dəstəkdir.