Dekabrın 10-da Serbiyanın Niş şəhərində açılışı olmuş Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru sadəcə infrastruktur layihəsi deyil. Bu layihə həm də Azərbaycanın Bolqarıstanla Serbiya arasındakı uğurlu və faydalı əməkdaşlığının rəmzidir. Artıq istifadəyə verilmiş bu interkonnektor Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Layihə Azərbaycanın qaz ixracı coğrafiyasını bir qədər də genişləndirəcək və ölkəmizin Avropanın enerji təminatında oynadığı rolun önəmi daha da artacaq.
AzerTimes xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan təbii qazını səkkiz ölkəyə ixrac edir və Serbiya bu sırada doqquzuncu ölkədir:
“Diqqətəlayiq haldır ki, doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Təbii ki, bu göstərici qətiyyən son hədd deyil. Azərbaycan hökuməti özünün qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdə qərarlıdır və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmağı planlaşdırır.”
K.Qafarov qeyd edib ki, Azərbaycanın xarici əlaqələrinin, o cümlədən, Serbiya və Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin formalaşmasında Prezident İlham Əliyevin bu ölkələrin dövlət başçıları ilə şəxsi münasibətləri əhəmiyyətli rol oynayır:
“Dövlətimizin başçısı öz çıxışında Serbiya və Bolqarıstan Prezidentləri ilə şəxsi dostluq münasibətlərini xüsusi qeyd etmişdir. Bu ölkələrlə Azərbaycanın son dərəcə uğurlu və səmərəli əməkdaşlıq əlaqələri ilk növbədə ölkə rəhbərlərinin şəxsi münasibətləri zəminində formalaşıb. Prezident İlham Əliyevin Serbiyaya və Bolqarıstana, öz növbələrində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin də Azərbaycana rəsmi səfərləri onu göstərir ki, ölkələrimiz arasında əlaqələr sürətlə və dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan həm Serbiya, həm də Bolqarıstanla strateji tərəfdaş ölkələrdir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimini “dostluq və strateji tərəfdaşlıq mərasimi” adlandırmışdır”.
Prezident İlham Əliyevin bərpaolunan enerji növləri ilə bağlı verdiyi açıqlamaların önəmini qeyd edən K.Qafarov ölkəmizdə bu sahədə həyata keçirilən çalışmaların strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bu gün ölkəmizdə gedən proseslərdə, əldə olunan uğur və nailiyyətlərdə Prezident İlham Əliyevin illər öncə bu və ya digər istiqamətdə atdığı məqsədyönlü addımların, qəbul etdiyi mühüm qərarların müsbət nəticələri öz təzahürlərini tapmaqdadır. Bu gün də Azərbaycanda gələcəyə hesablanmış möhtəşəm layihələrin əsası qoyulmaqdadır. Dövlətimizin başçısı konkret olaraq bildirdi ki, Azərbaycanın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Azərbaycanın zəngin neft və qaz resursları olmasına baxmayaraq, dövlətimiz ölkənin gələcəyini “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlayır. Prezident İlham Əliyev çıxışının sonunda buna oxşar mərasimlərin gələcəkdə “yaşıl enerji” layihələri ilə bağlı keçiriləcəyinə əminliyini də ifadə etdi”.