Azərbaycan ATƏT PA-da bu məsələləri qaldıracaq

Azərbaycan ATƏT PA-da bu məsələləri qaldıracaq

ATƏT PA-nın qış sessiyasında əsasən Avropada təhlükəsizlik, Ukrayna münaqişəsi, Daimi Komitədə bir sıra təşkilati məsələlər müzakirə ediləcək, Prezident və Baş katibin hesabatı dinləniləcək.

Bu sözləri AzerTimes-a ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev qurumun qış sessiyasında müzakirə olunacaq məsələlər haqda danışarkən deyib.

O bildirib ki, bu sessiyada Azərbaycanın əleyhinə har hansı qərarın qəbul edilməsi gözlənilmir:

“ATƏT PA-nın Azərbaycana ədalətli, obyektiv mövqeyini qoruyub saxlamaq istiqamətində nümayəndə heyəti var gücü ilə çalışacaq.

ATƏT PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin müzakirəyə təqdim etdiyi və qaldırdığı məsələlər isə bunlardır:

– COP29-la bağlı Azərbaycanın gördüyü işlər və prosesə ATƏT PA-nın verdiyi töhfə;

– Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olması;

– Orta Dəhlizin mühüm seqmenti kimi Türkiyəyə, oradan da Avropaya asan çıxışın yaradılması;

– Zəngəzur dəhlizinin əhəmiyyəti və bölgəyə verəcəyi dividendlər;

– Ermənistanla sülh sazişinin imzalanması üçün danışqların vasitəçi olmadan həyata keçirilməsinin əhəmiyyəti.

Həmçinin Ermənistanın Konstitusiyasında qonşu dövlətlər, xüsusilə də Azərbaycana qarşı birbaşa ərazi iddiasının olması və Almatı Bəyannaməsinin şərtləri üzərində manipulyasiya etməsi sülh sazişinin imzalanmasında iki mühüm problem kimi diqqətə çatdırılacaq.

ATƏT PA Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birbaşa dəstəkləyir. Bu dəstək fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı qurumun hesabatında özünü bir daha göstərdi. Bundan başqa, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna köçürülməsi ilə bağlı ATƏT PA Azərbaycana qarşı obyektiv mövqe nümayiş etdirir”.

A.Quliyev əlavə edib ki, ATƏT PA-nın qış sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının qurumda təmsil olunan nümayəndə heyətləri bir araya gələcək:

“Görüş zamanı əməkdaşlıq və birgə fəaliyyətimizi koordinasiya etməyi planlaşdırmışıq”.

Qeyd edək ki, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.

Teqlər: