Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək, məktəbin 103 illik tarixi və şərəfli yol keçdiyini bildirib. Müsəlman korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin Milli Hərbiyə Məktəbinin açılması üçün müraciətindən sonra Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il martın 1-də Milli Hərbiyə Məktəbi yaradılıb. Tarixin bütün dönəmlərində uğurla fəaliyyət göstərən bu təhsil ocağının Azərbaycan hərb tarixində xüsusi yeri və rolu vardır.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanına əsasən Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli lider Heydər Əliyevin adı verilib. Bildirilib ki, müstəqillik illərində hərbi məktəb Ali Baş Komandanın diqqət və qayğısı sayəsində böyük və tarixi inkişaf yolu keçərək dünyanın tanınmış qabaqcıl hərbi təhsil müəssisələrindən birinə çevrilib. Bir əsrdən çox tarixi olan təhsil ocağında bu gün 23 ixtisas üzrə Ordumuz üçün hərb sənətinə yiyələn peşəkar və liderlik qabiliyyətinə malik savadlı kadrlar yetişdirilir.

Həmçinin qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya olan diqqət və qayğının nəticəsində, bu gün kursantların sosial-məişət şəraiti, sağlamlığı, fiziki hazırlığı üçün hərbi məktəbdə yüksək səviyyədə lazımi şərait yaradılıb.
Qeyd edilib ki, Vətən müharibəsi zamanı hərbi təhsil müəssisəsinin şəxsi heyətinin də qələbədə böyük rolu olub. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə təhsil ocağının 10 zabiti şəhid olub, 29-u isə yaralanıb.
Daha sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.

Çıxışlardan sonra Ali Hərbi Məktəbin orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.

Sonda təhsil müəssisəsinin zabit heyəti və təhsildə fərqlənən kursantlar təltif olunub.

Teqlər: