Türklərin yaşadığı bölgələrdə tarixin bütün dövrlərində böyük geosiyasi maraqlar toqquşub. Ona görə problemlərimiz, ağrı-acılarımız çox olub. Qarabağ da hamımızın qanayan yaramız idi. Azərbaycan dövləti müharibə yolu ilə torpaqlarını işğaldan azad etdi. Ancaq mübarizəmiz hələ bitməyib. Hazırda ölkələrimiz ağır informasiya müharibəsi içərisindədir. Üzərimizə hücum çəkənlərin isə heç bir əxlaq və dəyər anlayışı yoxdur.
Bu sözləri AzerTimes-a açıqlamasında Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Dəmir deyib.
Dəmir türk ölkələrinin ortaq media platformunun qurulmasının əhəmiyyətindən danışıb:
“Erməni və Qərb mediası yanlış məlumat yaymaq, qara yaxmaq işində mahirdir. Əllərində isə böyük resurslar var. Bütün qurulan tələləri boşa çıxarmaq üçün türk dünyası media orqanlarının, eyni zamanda bu sahədəki QHT-lərin fəaliyyəti üçün zəmin hazırlanmalı, ortaq platforma qurulmalıdır. Bizim də bir neçə dildə doğru xəbər hazırlayan ortaq televiziyalarımız, qəzet və jurnallarımız, internet xəbər portallarımız olmalıdır. Əlbəttə, sözügedən planların gerçəkləşməsi dövlətlərimizin dəstəyi olmadan qeyri-mümkündür. Bəhs etdiyimiz istiqamətdə QHT-lərin rolu artırılmalıdır. Çünki dövlət üçün xüsusi önəm təşkil edən məqamlarda bəzən QHT-lər vasitəsilə fəaliyyət göstərmək daha effektiv olur. Bu, bütün dünyada hazırda mövcud olan ümumi tendensiyadır. ABŞ və digər böyük ölkələr öz maraqları naminə bundan maksimum dərəcədə faydalanırlar. Biz də vaxt itirməməli, informasiya cəbhəsində təcili şəkildə müvafiq addımları atmalı, dinamikliyi artırmalıyıq. Hazırki zamanda xəbərlər ildırım sürəti ilə yayılır və domino effekti verir. Ona görə bir addım belə geriyə qalmaq, gecikmək və gözləmək olmaz”.