28 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində Azərbaycan Respublikası və Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının
30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
AR XİN rəhbərliyi və Amerika Birləşmiş Ştatlarının Azərbaycan
Respublikasındakı Səfirliyinin rəhbər heyəti, habelə əməkdaşları
iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Elnur Məmmədov 30 il ərzində Azərbaycan və ABŞ
arasında münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri
çərçivəsində inkişaf yolu keçdiyini qeyd edib. Nazir müavini
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra, xüsusilə
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra iki ölkə arasında münasibətlərin inkişafında
yeni dönəmə qədəm qoymasını və 1994-cü ildə imzalanan tarixi “Əsrin
müqaviləsi”ndən sonra ABŞ və Azərbaycan arasında iqtisadi
əlaqələrin dərinləşdiyini qeyd edib. Müasir mərhələdə ikitərəfli
münasibətlərin bir çox istiqamətdə inkişafından danışan E.Məmmədov,
xüsusilə diqqəti post-münaqişə mərhələsində azad olunmuş ərazilərdə
böyük layihələrin icrasında ABŞ-ın mümkün roluna yönəldib və
quruculuq səylərində ABŞ şirkətlərinin fəal iştirakının
tərəfimizdən dəstəkləndiyini qeyd edib.
Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Li
Litzenberqer 30 il ərzində Azərbaycan və ABŞ arasında əlaqələrin
müxtəlif sahələri, o cümlədən, qanunun aliliyi, iqtisadiyyat,
enerji, təhlükəsizlik sahələrini əhatə etdiyini və iki ölkə
arasında sözügedən sahələrdə tərəfdaşlıq əlaqələrinin qurulduğunu
qeyd edib. Azərbaycanın bir çox beynəlxalq sülhməramlı
əməliyyatlara töhfə verdiyini bildirən səfir, bu xüsusda Azərbaycan
sülhməramlılarının Əfqanıstanda təhlükəsizliyin təmin olunması
istiqamətində fəaliyyətini qeyd edib, həmçinin Azərbaycanın
Əfqanıstana ilk sülhməramlılar göndərən və öz sülhməramlılarını
sonuncu çıxaran ölkə olduğunu minnətdarlıqla vurğulayıb. L.
Litzenberqer, ABŞ-ın gələcəkdə də sabitliyin, rifahın qorunması
istiqamətində sadiq tərəfdaş olacağını bildirib.
Sonra tədbir iştirakçıları Azərbaycan və ABŞ arasında diplomatik
münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış
olublar.