“Azərbaycan 500 ASAN Startap Proqramı”nın ilk sessiyası keçirilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın ilk sessiyası keçirilib.

Agentlikdən AzerTimes-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, “PAŞA Holdinq”in Biznes qrupunun meneceri Rauf Qulaməliyev, “500 Startups” şirkətinin regional direktoru Arianne Dilts və həmin şirkətin digər əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarına proqramın gedişatı və növbəti mərhələləri barədə məlumat verilib, eyni zamanda iştirakçıların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Proqrama qoşulmaq üçün qeydiyyatdan keçən 1268 iştirakçı arasından tələb olunan bütün meyarlara uyğun 367 iştirakçı seçilib. İlkin seçim mərhələsindən keçən iştirakçılar mart ayının sonundan etibarən “500 Startups” şirkəti tərəfindən təşkil olunacaq təlimlərə qoşula biləcəklər. Avqust ayına qədər davam edəcək təlimlər əsasən “Sahibkarlıqla bağlı ikin təlimlər və komanda formalaşması”, “Startup booster”, “Müştəri və bazarın təhlili” və “Prototipin hazırlanması və təkmilləşdirilməsi” kimi fərqli sahələrdə olacaq.


Proqramın yekununda aktiv və uğurlu nəticə göstərən yalnız 10 startap “Demo Day”də potensial investorlara layihələrini təqdim etmək, investisiya cəlb etmək və xarici bazarda yüksək rəqabətlilik göstərmək imkanları qazanacaq.

Xatırladaq ki, “Azərbaycan 500 ASAN Startap Proqramı”nın əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək və yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkanları genişləndirməkdir.

Teqlər: