Xəbər - Samir Əli – Trend:
15 fevral 2021-ci il tarixində “Azərbaycan 500 ASAN Startap Proqramı”nın açılış mərasimi keçirilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, mərasim COVID-19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunub.
Konfransa Agentlik sədri Ülvi Mehdiyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, “500 Startups” şirkətinin baş icraçı direktoru və həmtəsisçi Kristina Tsai, həmin şirkətin regional direktoru Arianne Dilts, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov və “NextSale” şirkətinin baş icraçı direktoru və təsisçisi Taleh Kərimli qoşulublar.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev texnologiyaların çox sürətlə inkişaf etdiyi hazırkı dövrdə Dövlət Agentliyi tərəfindən ölkəmizdə innovasiya ekosisteminin və infrastrukturun formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Diqqətə çatdırılıb ki, “Azərbaycan 500 ASAN Startap Proqramı” yerli startapçıların bilik və bacarıqlarının artırılmasına, onların investorlara çıxışına töhfə verəcək.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə startap fəaliyyəti istiqamətində uğurlu nəticələrin əldə olunduğunu, həmçinin ekosistemin inkişafı üçün dayanıqlı infrastrukturun, xarici investisiyalara çıxışın əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, bu sahədə önəmli rola malik olan “500 startaps” şirkəti ilə əməkdaşlıq növbəti uğurlu addımdır.
“500 Startups” şirkətinin baş icraçı direktoru və həmtəsisçi Kristina Tsai təmsil etdiyi qurum tərəfindən gənc nəsil sahibkarlığın inkişaf etdirildiyini, investisiya dəstəyini vurğulayıb. Həmçinin, Azərbaycanda startaplara daha yaxşı dəstək istiqamətində bu cür layihədən məmnunluq ifadə olunub, istedadlı qurucular tərəfindən ekosistemin inkişafına dəstək vurğulanıb.
“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov ölkəmizdə biznes mühitinin inkişafı üçün innovativ fəaliyyətin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, “PASHA Holdinq”in strateji hədəflərindən biri kimi “İnnovasiya və yaradıcılıq mədəniyyətinin təşviqi” xüsusi yer tutur.
“NextSale” şirkətinin baş icraçı direktoru və təsisçisi Taleh Kərimli “500 Startaps” şirkətinin xüsusi proqram vasitəsi ilə ölkəmizdəki startaplara dəstəyinin, həmçinin “İnnovasiyalar Mərkəzi”, o cümlədən “INNOLAND” ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib.
Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Azər Bayramov olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı, vençur maliyyələşməsinin təşəkkülü üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaratmaqdır.
“İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etməkdir. Geniş startap hərəkatının yaranmasını sürətləndirmək üçün bir çox onlayn və oflayn tədbirlərdən ibarət olacaq proqram 6 ay müddətində davam edəcək.
Proqram namizədlərin qeydiyyatı və ilkin təlimlər, startap inkişafı, müştəri və bazarın təhlili, prototipin hazırlanması və təkmilləşdirilməsi mərhələlərindən ibarət olacaq. Proqramı müvəffəqiyyətlə başa vuran startapların investisiya cəlb edilməsi və xarici bazarda yüksək rəqabətlilik göstərmə imkanları inkişaf etdiriləcək.
Proqramda iştirak etmək istəyən şəxslər 19 mart tarixinə qədər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: https://ecosystems.500.co/azerbaijan500asan