Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərini tam icra edir – Əli Əsədov

Azərbaycan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərini tam icra edir.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov MDB üzv ölkələrinin Hökumət başçıları şurasının videoformatda keçirilən iclasında deyib.

“Azərbaycan üçtərəfli bəyanatın hərbi əsirlərin təhvil verilməsi ilə bağlı bəndlərini tam icra edir. 2020-ci il dekabrın 22-dən rusiyalı sülhməramlıların iştirakı ilə ümumilikdə 122 hərbi qulluqçu və saxlanılan şəxs qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfəri isə Azərbaycana qayıdıb” – deyə, baş nazir bildirib.

10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisində saxlanılan 62 erməni hərbi qulluqçu barədə danışan Ə.Əsədov vurğulayıb ki, bütün beynəlxalq qanunlara əsasən, onlar hərbi əsir hesab olunmur.

“Onlar müharibədən sonra saxlanılıb, diversiya məqsədilə ölkəmizin ərazisinə daxil olublar və hərbi əsir statusu onlara şamil edilmir. Bununla belə, Azərbaycan onlardan 29 nəfərini erməni tərəfinə qaytarıb. Bu qrupdan 33 nəfər məhkəmələrimiz tərəfindən mühakimə olunub və məsuliyyətə cəlb ediləcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: