Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkətinin əməkdaşları “Virtual məktəb” layihəsi çərçivəsində göstərdikləri səmərəli fəaliyyətə görə Təhsil Nazirliyi tərəfindən təşəkkürnamələr ilə təltif olunublar. Xatırladaq ki, “Virtual məktəb”-dən rahat istifadəni təmin etmək və yaranan sualları operativ cavablandırmaq məqsədilə “AzEduNet” şirkəti platformanın texniki dəstək xidmətini həyata keçirir. Belə ki, vətəndaşlar platforma ilə bağlı yaranan sualları 146-4 “Qaynar xətt” xidmətinə, [email protected] elektron poçt ünvanına, “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsinin ismarıc bölməsinə ünvanlamaqla texniki dəstək əldə edə bilərlər.
Bununla yanaşı, platformada fəaliyyətin təşkili ilə bağlı virtual.edu.az/ saytının “Təlimatlar” bölməsində müəllim və şagirdlər üçün detallı video təlimatlar, “Virtual Bələdçi” bölməsində isə tez-tez verilən sualların cavabları təqdim olunur.
Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.