Azdramda qalmaqal: Xalq artistləri direktora qarşı

Azdramda qalmaqal: Xalq artistləri direktora qarşı

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Əli Nur AXARa müsahibəsi:

– Əli bəy, iyunun 17-də Akademik Milli Dram Teatrında baş verən hadisənin təfərrüatını sizdən dinləmək istəyirik.

– Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov Vatsap qrupuna elan yazdı ki, iyunun 17-də saat 15:00-da “Medeya” mono-tamaşasının ictimai baxışı keçiriləcək, bütün yaradıcı heyət dəvət olunur. Mən də həmin gün telekanallardan birinə dəvət olunmuşdum, amma ora getməyib teatra gəldim. Tamaşa teatrın 4-cü mərtəbəsində, Şərifzadə adına zalda oynanılırdı. Evripidin əsəri əsasında hazırlanan tamaşada Medeya obrazını teatrımızın istedadlı aktrisası Münəvvər Əliyev ifa edir.

İçəri keçmək istəyəndə truppa müdiri Elnur Məmmədov məni saxladı, içəri girməyə imkan vermədi, əlimdən tutub kənara çəkdi. Sanki məni sürüyərək oradan uzaqlaşdırmağa çalışdı. Dedim teatrın direktoru Azər Paşanı çağırın.

Truppa müdiri baş rejissorun yaradıcılıq üzrə nümayəndəsidir. Aktyorların məşqə vaxtı-vaxtında gəlməsinə nəzarət edən bir adamdır. Amma Elnur özünü elə aparır ki, sanki Mədəniyyət Nazirliyindəkilər onun köməkçiləridir. Elnur, sən kimsən məni incidirsən? Sənə kim səlahiyyət verib? Sən kimsən ki, mənim qarşımı kəsib, içəri buraxmırsan?

Elnur mənə deyir ki, tamaşaya baxmaq olmaz. Soruşuram, niyə olmaz? Bu hansı qanunda yazılıb? Bu hansı idarəetmə sistemidir? Bunu Azər Paşa gətirib. Azər Paşa, vaxtilə səni teatra direktor və rejissor kimi biz gətirmişik. Biz İsrafili qovmasaydıq, sən teatra gəlməyəcəkdin.

Sən gəlmisən, xoş gəlmisən: gözəl rejissorsan, bədii rəhbərsən, ağsaqqal kişisən, sənə bizim böyük hörmətimiz var. Sən niyə özbaşınalıq edirsən?

İctimai baxışda Bədii Şuranın üzvləri var idi. Bu hansı Bədii Şuradır? 13 il bundan əvvəl teatrdan qovulmuş İsrafil İsrafilovun yaratdığı kiçik bir heyətdir.

– Həmin şurada kimlər təmsil olunur?

– Teatrşünas Məryəm Əlizadə, aktrisa Bəsti Cəfərova, aktyor Ramiz Novruz, teatrın baş rəssamı Nazim Bəykişiyev və Siyavuş Kərimi.

Halbuki Bədii Şurada ən azı 10 nəfər olmalıdır. Teatrın sanballı, bilikli, istedadlı, aparıcı, həmçinin pedoqoq aktyorları o şurada təmsil olunmalıdır. Lazım gəlsə, kənar şəxslər də dəvət oluna bilər: universitet direktoru, nazirliyin nümayənləri və sair.

Şuranın üzvləri də hər 3-5 ildən bir dəyişilməlidir.

Bu gün ev dustağı olan, rüşvətxor, Azərbaycan mədəniyyətinin dağıdıcısı Əbülfəs Qarayevin 13 il əvvəl təsdiq elədiyi Bədii Şura niyə hələ də fəaliyyət göstərməlidir? Bədii Şurada niyə Nurəddin Mehdixanlı, Ramiz Məlik, Firəngiz Mütəllimova, Laləzar Mustafayeva, Şükufə Yusifova, mənim kimi ensklopedik aktyor olmamalıdır?

Mən 50 ildən çoxdur ki, Azərbaycan teatrında çalışıram. Vaxtilə Sumqayıt Teatrında işləmişəm, Ulu öndərin göstərişi ilə 1982-ci ildə həmin teatra direktor təyin olunmuşam.

40 ilə yaxındır ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoruyam, xalq artisti, Prezident təqaüdçüsüyəm. Eyni zamanda Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan tabor komandiri Rövşən Nurzadənin atasıyam.

Rövşən və Vətən uğrunda canlarını fəda edənlər hamısı qəhrəmandırlar. Onlar savaşa getdilər, torpaqlar qayıtdı, özləri qayıtmadılar. Rövşənin dəfnində dedim, mən bütün şəhidlərin atasıyam.

Mən Azərbaycan teatr tarixinin tədqiqi ilə məşğul oluram. Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda oldum. Ona dedim yadınızdadırsa, Rafael Dadaşovun dəfnində Əbülfəs Qarayev, siz, mən, Nurəddin Mehdixanlı, İlham Rəhimli bir arada idik. Söhbət əsnasında dedim ki, Azərbaycan teatrı 1873-cü ildə deyil, 1858-ci ildə yaranıb, bunu sənədlərlə sübut edə bilərəm.

Əbülfəs Qarayev mənə dedi ki, Azərbaycanın akademiklərini bir yerə toplayaram, sizi də çağıraram, sübut edərsiniz. Dedim, cənab nazir, yalnız bizim akademikləri deyil, gürcü, erməni, rus akademiklərini də çağırın. Çünki bu, üç millətlə əlaqədar olan – Tiflisdə baş verən hadisə ilə bağlıdır.

Mən teatr bilicisi, obyektiv, demokratik adamam. Teatrda güzəşt olmaz. Teatr elə bir trubinadır ki, onu heç nə ilə əvəz edə bilməzsən. Xalqı, kütləni millət edən birinci teatr olub.

Azdaram dünya şöhrətli teatrdır. Bu teatra çox rəhbərlər gəlib-gedib, amma onun formalaşmasında Aleksandr Tuqanovun, Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun misilsiz xidməti olub.

Teatrda qanunlar var: tamaşalar hazırlananda əvvəl daxili, sonra ictimai baxışlar, daha sonra premyera keçirilir. Daxili baxışda tamaşaya teatrın yaradıcı heyəti ilə bərabər Bədii Şura da baxır.

Sonra ictimai baxış olur. İctimai baxışda isə açıq qapı prinsipidir: orada teatrşünaslar, yazıçılar, dramaturqlar, rəssamlar, bir sözlə, sənət adamları baxıb fikir bildirə bilərlər.

Son vaxtlar bizim teatrda qəribə ənənə yaranıb. Tamaşanın baxışına heç kim buraxılmır. Rəhbərlik – direktor və baş rejissor – Azdramda bu bir nəfərdir (Azər Paşa Nemətov), o özünün istədiyi adamları yığır və tamaşaya baxış keçirir.

Vaxtilə yaradıcı heyət teatra gəlib, bufetdə, qrim otağında oturar ictimai baxışı gözləyərdilər. Axır vaxtlar ictimai baxışlara giriş qadağandır.

70 yaşı olan aktrisa cavan qız rolunu oynayır. Cavan qızları da qoca qarı qrimində onun yanına köməkçi verirlər. Sən baş rejissor kimi buna necə göz yumursan? Nəyə görə? Sən təmiz adamsansa, üzün ağdırsa, tamaşanı Bədii Şura ilə yanaşı, kollektivlə də müzakirə elə.

Dəfələrlə bu məsələni mədəniyyət nazirinin, onun müavinlərinin və teatrın rəhbərliyi qarşısında qaldırmışam. Müzakirə birlikdə – yaradıcı kolleklivlə olmalıdır.

– Məsələni qaldırmısınız, nə cavab almısınız?

– Deyir, mən özüm bilirəm. Axı sən özün necə bilərsən? Sənin 27 tamaşan var, onunla məşğul ol! Sən teatrda yaradıcılıq işini apar!

Bu teatr yaranandan burada işləyən direktor və baş rejissorların: Tuqanovun, Adil İsgəndərovun, Mehdi Məmmədovun yanında iki-üç rejissor olub. Azər Paşanın yanında bir rejissor da yoxdur. Tək-tənhadır. Sən direktorluqla, baş rejissorluqla, bədii rəhbərliklə məşğulsan, bəs bu tamaşaları kim hazırlamalıdır? Sənin yanında iki-üç nəfər rejissor olmalıdır.

Teatr aktyorun evidir. Amma siz deyirsiniz, aktyor teatra gəlməsin. Niyə? Bura sizin atanızın idarəsidir? Deyirsiniz ki, kimin tamaşası, məşqi varsa, o gəlsin. Məşq var? İldə bir dənə tamaşa hazırlayırsan. Bəs o biri aktyor və aktrisalar? Aktrisa var ki, 20 ildir səhnəyə çıxmır, 25 ildir tamaşa oynamır. Bu nə özbaşınalıqdır?

– Mədəniyyət Nazirliyinə də bu barədə məlumat vermisiniz. Onların mövqeyi necədir?

– Onlar da susurlar. Yalnız bir söz bilirlər: “Əli müəllim, biz teatrı bilmirik, sizdən öyrənirik”.

Ulu öndər deyirdi ki, Akademik Milli Dram Teatrı mənim teatrımdır. Bu teatrın 100 illiyini, 110, 120 illiyini mən qeyd etmişəm. 140, 150 illiyini də mən edəcəm.

Aktyor çayxanada deyil, teatrda, səhnədə olmalıdır.

Azər Paşa, Elnur kimdir ki, məni içəri buraxmasın? İçəri girib görürəm ki, orada başqa adamlar da var. Bu nə özbaşınalıqdır?

Müzakirələr kollektivin içərisində olmalıdır.

Orada mən, Nurəddin Mehdixanlı kimi aktyorlar olanda tamaşanın qüsurları barədə fikir bildirəcəyik. Deyəcəyik, cənab direktor, bu aktrisa bu rola yaramır, qocadır.

– Amma dediyiniz məsələ Azdramda hər zaman problem olaraq qalıb. 60-70-ci illərdə də yaşlı aktrisalar teatrın repertuarındakı gənc qızları canlandırırdılar. Hökumə Qurbanova, Leyla Bədirbəyli və s.

– Hökumə xanım bir dəfə oynayıb, o da Kleopatra obrazı idi. Və şedevr yaratmışdı. Üstəlik 70 yaşında deyil, 50 yaşında oynayıb.

Əvvəllər də olub, amma az hallarda. Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov buna icazə verməzdi. O zamanlar tamaşaların ictimai baxışında Mərkəzi Komitə, nazirlikliyin nümayəndələri, akademik, professorlar – 50, 100, bəzən 200 adam iştirak edirdi. İctimai baxışda deyilən söz aktyorun, tamaşanın, teatrın xeyrinədir.

Nəyə görə tamaşalarımıza baxan teatrşünaslar, ədəbiyyatçılar nöqsanları yazır və teatrın reytinqinə xələl gətirir. Mən elə onlardan da əvvəl tamaşaya baxıb nöqsanlarını deyirəm: Azər Paşa, bunu niyə həll etmirsiniz? Niyə düzəlmirsiniz? Tamaşaçını niyə axmaq yerinə qoyursunuz? Tamaşaçı görmür ki, hansı aktyor hansı rola uyğun gəlir? Teatrda aktyor yoxdur? Azdramda olan aktyor və aktrisalar heç bir dünya teatrında yoxdur. Amma belə nadan, cahil adamların əlində qalıblar.

– Əli müəllim, bayaq da dediniz, Azər Paşa Nemətov kollektivin istəyi ilə seçilib. Seçiləndə gözləntiləriniz nə idi?

– O yaradıcı, sənətini yaxşı bilən adamdır, rejissordur. Azər Paşa elə belə adam deyil axı. Amma direktorluq onun bütün yaradıcılıq imkanlarını əlindən alıb. Direktorluqda nə görmüsən? Sən yaradıcı adamsan, bildiyin işi gör.

– Azər Paşa müəllimin əksər və hətta bütün tamaşalarında rol almısınız.

– Bütün tamaşalarında oynamışam. İstedadsız aktyorla tamaşa hazırlayan rejissor silahsız müharibəyə gedən əsgər kimidir. Rejissorun işi odur ki, rol bölgüsünü düzgün və istedadlı aktyorlar arasında bölsün. Birinci dərəcəli rolu ikinci, üçüncü dərəcəli aktyor və aktrisaya vermək olmaz.

Yaşlı aktyor yaşlı rolunu, gənc isə gənc rollarını oynamalıdır.

– Azərbaycan teatr mühitində, fikrinizcə, peşəkar rejissorlar kimlərdir?

– Azər Paşa, Bəhram Osmanov, Mehriban Ələkbərzadə. Mehriban elmli, savadlı, işgüzar qızdır, sadəcə ona istiqamət vermək lazımdır.

1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar şairin “Afət” əsəri səhnələşdirilirdı. Rejissor Oruc Qurbanov Afəti aktrisa Elmira Haşimzadəyə həvalə etdi. Mən də tamaşada baş rolu oynayıram. Dedim, bu aktrisa ilə tamaşadan hadisə yaratmaq olmaz. Bu rolu Hicran Mehbalıyeva oynamalıdır. Üç ay rejissorla mübahisədən sonra rolu Hicrana verdirdim və tamaşa dünyaya səs saldı. İki dəfə Respublika Sarayında oynanıldı. Mehdi Məmmədov dəfələrlə tamaşaya baxıb. Akademiklər, professorlar o tamaşanın dəlisiydilər. Çünki baş rolun ifaçısı yerində idi. Elmira Haşimzadəyə görə ona heç kim baxmayacaqdı və tamaşa Sumqayıtın arxivində qalacaqdı.

Moksvada yaşayan Əziz Şərif tamaşaya baxandan sonra dedi, bunu bütün dünyaya yaymaq lazımdır. Tək bir aktrisa görürsünüzmü nə edir?

Azər Paşa bunları bilmir?

Filumena Marturanonu Azdramda Bəsti Cəfərova deyil, Sənubər İsgəndərli, Məleykə Əsədova, Şəhla, İlhamə Həsənova oynamalıdır. Teatrda bu cür aktrisalar varkən, yaşlı aktrisaya bu rolu niyə verirsən?

– Bir balaca haşiyəyə çıxıb, soruşmaq istəyirəm: neçə direktorla işləmisiniz?

– Mən teatra Əli İsmayılovun vaxtında gəlmişəm. Səməndər Rzayev rəhmətə gedəndən sonra həmin ştata nazirin əmri ilə məni gətirdilər. Bu zamana kimi 10 direktorla işləmişəm. Əli İsmayılovdan sonra teatra rəhbərlik edən direktorlar oğru, yırtıcı idilər.

Erməni Qarabağı soyub talayan kimi, direktorlar da teatrı soyub talamaqla məşğuldurlar.

Bu teatrda beşaçılanlar, naqanlar, mauzerlər, xəncərlər, gümüş kəmərlər, antik əşyalar var idi. Onların hamısını direktorlar yığıb apardılar.

“Eşq və intiqam” tamaşasında Əlimərdan bəyi oynayırdım, əlimdə beşaçılan, naqan, belimdə gümüş xəncər səhnəyə çıxırdım. Günlərin bir günü tamaşa oynamalıyam, amma belimə bağlamaq üçün bir xəncər tapa bilmədim. Getdim teatrın direktoru Həsənağa Turabovun yanına, dedim, belimə bağlamağa bir xəncər yoxdur. Dedi xəncərsiz çıx.

Nurəddin Mehdixanlı “Ədirnənin fəthi” tamaşasında dedi ki, beşaçılan gəlməsə, özümü teatrda yandıracam.

Hələ mən çilçirağın içini söküb aparanları demirəm. Hanı çəkmələr, uzunboğaz ayaqqabılar, general, marşal geyimləri, qılınclar, şamdanlar, yüzlərlə xalça… “Şeyx Xiyabani” tamaşasında rəhmətlik Amaliya Pənahova ilə Fuad Poladovun üzərində oynadığı fil sümüyündən hazırlanmış bilyard hanı?

– Teatrda baş vermiş bu hadisədən sonra hansı addımı atmaq istəyirsiniz?

– Mən mənim şərəf və ləyaqətimi kollektivin arasında alçaldan Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədovu məhkəməyə verəcəm və onu cəzalandıracam. O teatrdan getməlidir.

O ki qaldı Azər Paşaya, bundan sonra mənim onunla heç bir söhbətim alınmayacaq. Artıq bitdi. Nurəddin Mehdixanlı ilə mən Azər Paşanı 6 il ərzində müdafiə etmişik.

Teatr naminə Azdramı müdafiə etmişik. Azər Paşanı söyürdülər, teatrın ünvanına böhtanlar atırdılar. Bir aktyor və aktrisa cavab vermirdi. Efirdə və mətbuatda cavab verən Nurəddin və mən idim.

İndi istəyimiz budur ki, teatrda ab-hava dəyişsin. Bədii Şuranın yeni üzvləri seçilməlidir. 7-8 aparıcı aktyorlar, o cümlədən Nurəddin və mən orada olmalıyıq.

Yerli Komitə – Həmkarlar Təşkilatının səlahiyyətləri bərpa olunmalıdır. Kollektivdə belə hadisələr baş verəndə onu Yerli Komitədə müzakirə edirlər.

Həmkarlar Təşkilatının heyəti dəyişməli, şəffaf adamlar toplanmalıdır. Teatrı sevən, prinsipial adamlar olmalıdır.

Mən xalq artisti, Prezident təqaüdçüsü, Rövşənin atası kimi Cənab Prezidentə, Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə, şəxsən nazir Anar Kərimova müraciət edirəm: İndi teatrda özbaşınalıq baş alıb gedir. Atalar sözündə deyildiyi kimi: dərə xəlvət, tülkü bəy. Teatrda normal, yaradıcı ab-hava olmalı, mühit dəyişməlidir.

Teqlər: