Azarkeşlərin dəstəyi həyəcanın öhdəsindən gəlməyə kömək edir – Bədii Gimnastika üzrə Bakı birinciliyinin iştirakçısı

Çoxlu azarkeşlərin bizi dəstəkləməyə gəlməsi bizi çox
sevindirir. Onların dəstəyi bizə həyəcanın öhdəsindən gəlməyə və öz
gücümüzə inanmağa kömək edir.

Bu barədə Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı
birinciliyinin iştirakçısı, “Qrasiya” idman klubunu təmsil edən
gənc idmançı Mələk Rzayeva deyib.

“Yarışlara ciddi hazırlaşmışdım. Bundan əvvəl idman klubunda
təşkil olunan turnirlərdə iştirak etmişəm, lakin Milli Gimnastika
Arenasında ilk dəfədir ki, çıxış edirəm. Təəssüratlar çox gözəldir,
zal böyük, işıqlıdır, tribunalarda çoxlu tamaşaçı var”, – səkkiz
yaşlı idmançı bildirib.

Gimnastın sözlərinə görə, o, həmişə məşqçinin göstərişlərini
böyük diqqətlə dinləyir və bütün göstərişlərə əməl etməyə
çalışır.

“Məşqçimi sevindirmək üçün həmişə yaxşı çıxış etməyə, yüksək
nəticə nümayiş etdirməyə çalışıram. Ona görə də bu birinciliyə çox
ciddi hazırlaşdım. Bu gün alətsiz proqram nümayiş etdirdim, sabah
isə topla çıxış etməliyəm. Yeri gəlmişkən, top mənim sevimli
alətimdir, ona görə də müsabiqənin ikinci gününü səbirsizliklə
gözləyirəm”, – Mələk Rzayeva bildirib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

Teqlər: