AZAL təcili 3 yerə bölünməlidir

AZAL təcili 3 yerə bölünməlidir

Xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunmalı, yaxşı pul xərclənməli, sərnişin daşınması ilə məşğul olan yerli və xarici şirkətlər bu işə cəlb olunmalıdır. Hesab edirəm, təcili Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulmasına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Bakıda son günlər yaşanan tıxac problemi və nəqliyyat infrastrukturunun bərbad vəziyyətə düşməsi haqda danışarkən deyib.

O bildirib ki, şəhərin mərkəzini Bakı kəndləri və Günəşli və Əhmədli kimi qəsəbələrlə birləşdirən tramvay xətləri çəkilməlidir:

“Nəqliyyat infrastrukturunun yenidən qurulmasına xarici şirkətləri cəlb etmək olar ki, özləri investisiya qoyub tramvay, metro xətti, avtomobil yolları çəksin, işlətsin və pul qazansın. Bakıda bir neçə yeni metro xəttinin çəkilməsinə, yüzə qədər yeni metro stansiyasının tikilməsinə ehtiyac var. Dövlətimizin Qarabağdakı bərpa işləri və Ordumuzun gücləndirilməsi istiqamətindəki xərclərini də nəzərə alsaq, sürətli metro tikintisi üçün nə pulu, nə də texniki imkanları var. Ona görə də xarici investorlar bu işə cəlb olunmalıdır. Bakıda 2 milyon avtomobil üçün çoxmərtəbəli dayanacaqlar tikilməlidir. Bu məqsədlə yerlli sahibkarlara aşağı faizlə uzunmüddətli kreditlər verilməlidir. Dövlət indiki mərhələdə avtobusla sərnişin daşımasından imtina etməlidir. AZAL ən azı üç yerə bölünməli və özəlləşdirilməlidir. Sərnişin daşınması ilə özəl şirkətlər məşğul olmalıdır. Sadəcə, bu istiqamətdə istifadə olunan taksi və avtobuslara dair yüksək standartlar tətbiq olunmalıdır. 5 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə gətirilməsi qadağan olunmalıdır. Texniki göstəricilərindən asılı olaraq, 15 ildən 20 ilə qədər istifadə olunmuş avtomobillər dövlət tərəfindən alınmalı, utilizasiyaya göndərilən avtomobillərin sahiblərinə müasir elektromobillər almaları üçün aşağı faizlərlə uzunmüddətli kreditlər təklif edilməlidir. Qeyd etdiyim problemlərin həlli üçün Dövlət Neft Fondundan vəsait ayrılmalıdır. Bununla yanaşı rayonlardan gənclərin Bakıya axınının qarşısını almaq üçün regionlarda istehsal və emal müəssiələri yaradılmalıdır. Qeyd etdiyim problemlərin həlli məqsədilə biznes mühitini yaxşılaşdırmaq üçün iqtisadi islahatlar genişləndirilməli, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə tədbirlər görülməlidir ki, ölkəmiz daxili və xarici investorlar üçün cəlbedici olsun”.

Teqlər: