AZAL rəhbəri onu tənqid edən ekspertlə görüşdü

AZAL rəhbəri onu tənqid edən ekspertlə görüşdü

Bu gün (ötən gün, 24 oktyabr – red.) AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevın dəvəti ilə onun ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, çox ətraflı və maraqlı müzakirə olub:

“Haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi – məsələn, mənim də ən çox tənqid etdiyim məqamlardan biri regionlarda olan hava limanlarının boş qalması, AZAL-ın bu limanlardan effektiv istifadə etməməsidir ki, bu da AZAL-a əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır.

Ən vacib məsələ: qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini vurğuladı. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi”.

Ekspert qeyd edib ki, dövlət orqanlarının və şirkətlərinin tənqiqdi çıxışlara belə dəvətlərlə reaksiya verməsi pozitivdir, təqdir olunası məqamdır:

“Sonda Samir müəllim AZAL-da İctimai Şura yaradılacağını, bu qurumun AZAL-ın şəffaf işləməsinə, siyasətinə təsir edəcəyini də söylədi və məni də bu qurumun işində iştirak etməyə dəvət etdi. Mən öz adıma deyə bilərəm ki, cəmiyyət, ictimayyət üçün pozitiv dəyişikliklərə dəstək verməyə həmişə hazıram. Mərkəzi Bankdan sonra AZAL rəhbərinin də belə görüşlər keçirməsi yaxşıdır – təki bu müzakirələr ölkədə dəyişikliklərə, ciddi qərarlara səbəb olsun”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri də bu qurumun işini tənqid edən Natiq Cəfərli ilə görüşmüşdü.

Teqlər: