AZAL prezidenti və Rusiyanın Həştərxan vilayətinin qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Aprelin 26-da AZAL-ın ofisində “Azərbaycan Hava Yolları”
aviaşirkətinin prezidenti Cahangir Əsgərovun Rusiyanın Həştərxan
vilayətinin qubernatoru İqor Babuşkinlə iş görüşü keçirilib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, görüşün əsas mövzusu tərəflər arasında mülki
aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf
perspektivlərinin müzakirə edilməsi və ölkələrin nəqliyyat
imkanlarının daha da artırılması çərçivəsində birgə addımların
atılması olub.

AZAL prezidenti Cahangir Əsgərov qubernatorla söhbəti zamanı
qeyd edib ki, mülki hava daşımalarının inkişafı sahəsində “Azərbaycan Hava Yolları” hər zaman digər aviaşirkətlərlə sıx
tərəfdaşlıq münasibətləri qurur. Onun sözlərinə görə, iki ölkə –
Azərbaycan və Rusiya arasında hava əlaqəsi iqtisadi əməkdaşlığın
inkişafı, turizm potensialının genişləndirilməsi, həmçinin iki
ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin
möhkəmləndirilməsi çərçivəsində mühüm rol oynayır.

Qubernator İqor Babuşkin Bakıda keçirilən danışıqların
əməkdaşlığın gələcək inkişafına təkan verəcəyini təsdiqləyib.

O, həmçinin Həştərxanla Bakı arasında aviareyslərin bərpasında
maraqlı olduğunu bildirib. Bu, qubernatorun fikrincə, iki ölkə
arasında ticari-iqtisadi, investisiya əməkdaşlığının fəallaşmasına,
həmçinin turizm əlaqələrinin möhkəmlənməsinə təkan verəcək.

Onun sözlərinə görə, ölkələr arasında hava əlaqəsinin inkişafı
çərçivəsində Rusiyanın “Azimut” aviaşirkəti Həştərxandan Bakıya və
geri istiqamətdə həftədə dörd dəfəyədək müntəzəm reyslər yerinə
yetirməyə hazırdır.

Görüşün yekunlarına əsasən tərəfdaşlığın inkişaf etdirilməsi və
mülki hava daşımaları sahəsində müxtəlif məsələlərin birgə müzakirə
edilməsi üzrə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi barədə razılıq
əldə edilmişdir.

Teqlər: