AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

5 aprel tarixində AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin
turizm naziri Yoel Razvozovun görüşü keçirilib.

“Azərbaycan Hava Yolları”-nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, tərəflər ölkələr arasında, o cümlədən mülki aviasiya
və turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd
ediblər. AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla
əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması
imkanları barədə fikir mübadiləsi aparıblar.

«“COVİD-19” ilə bağlı bir sıra məhdudiyyətlərin
yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm
uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL
aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə
uçuşlar yerinə yetirir», – deyə Cahangir Əsgərov bildirib.

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində
Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə
qərar qəbul edilib.

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və
“Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə
yetirilməsi üçün icazə verilib.

İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, reyslərin
sayının artması Azərbaycan ilə İsrail arasında münasibətlərin daha
da möhkəmlənməsinə, həmçinin turizm əlaqələrinin genişlənməsinə
xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında aviadaşımaların
əvvəlki həcminin bərpasında hər iki tərəf maraqlıdır.

Görüşün sonunda mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın
möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq
əldə edilib.

Teqlər: