AZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə mülki aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

14 mart 2022-ci il, Bakı – Bazar ertəsi, 14 mart tarixində AZAL
prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal
Hayi və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə
işgüzar görüş keçirib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən AzerTimes-a
bildirilib ki, Pakistanın səfiri ilə görüşdə Azərbaycan ilə
Pakistan arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın
gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin sərnişin
axınının artırılması üzrə perspektiv planlar müzakirə edilib.
Tərəflər qeyd ediblər ki, həyata keçirilən əksepidemik tədbirlər
COVID-19 ilə bağlı hazırkı vəziyyətin yaxşılaşdırılmasına nail
olmağa imkan yaradıb.

Görüş zamanı ölkələr arasında hava əlaqəsinin bərpasının
vacibliyi vurğulanıb. “Pakistan International Airlines” aviaşirkəti
bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən
Bakıya uçuşlar yerinə yetirməyə başlayacaq. Azərbaycanın milli
aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı
planlaşdırır.

Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması
iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına
əlavə stimul verəcək. Səfir Bilal Hayinin sözlərinə görə, müntəzəm
reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında
siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan
verəcək.

AZAL prezidenti Cahangir Əsgərovun Bolqarıstanın Azərbaycandakı
səfiri Nikolay Yankov ilə görüşündə tərəflər arasında ideyalar,
proqnozlar, mülki aviasiya sahəsində mövcud vəziyyət barədə fikir
mübadiləsi aparılıb və iki ölkənin aviaşirkətləri tərəfindən
əksepidemik məhdudiyyətlərdən çıxış üçün görülən tədbirlər barədə
məlumat verilib. Görüş zamanı Cahangir Əsgərov və Nikolay Yankov
Sofiya ilə Bakı arasında aviareyslərin bərpası perspektivlərini
müzakirə ediblər.

AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava
limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı
tətbiq edilir. Cahangir Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün
xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika,
Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir
məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.

Səfir Nikolay Yankovun sözlərinə görə, gələcək qarşılıqlı
faydalı və sıx əməkdaşlıq iki ölkə arasında işgüzar və mədəni
əlaqələrin inkişafına xidmət edəcək.

Teqlər: