AZAL İstanbulda turizm agentlikləri üçün təqdimat keçirib (FOTO)

Bu gün, martın 16-da, İstanbulda Azərbaycanın milli
aviadaşıyıcısı (AZAL) və Türkiyənin turizm agentlikləri arasında
yeni imkanların və əməkdaşlığın inkişaf perspektivlərinin təqdimatı
keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən AzerTimes-a
bildirilib ki, tədbir zamanı Türkiyədə satışların həyata
keçirilməsi məsələlərinin müzakirəsinə xüsusi diqqət yetirilib,
həmçinin görüşdə COVID-19 pandemiyası dövründə reyslərin yerinə
yetirilməsi ilə bağlı vəzifələr müzakirə olunub.

Tədbir turizm sahəsində aviaşirkətlərlə iş üzrə dünyanın aparıcı
şirkəti olan “Aviareps Turkey” tərəfindən təşkil edilib.

Görüşdə “Azərbaycan Hava Yolları”nın İstehsalat və Marketinq
İdarəsinin rəisi Fuad Yusifov açılış nitqi ilə çıxış edərək,
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq münasibətlərin təkcə
qardaşlıq deyil, həm də strateji əhəmiyyətli xarakter daşıdığını
vurğulayıb.

Turizm üzrə mütəxəssis Arzu Quliyeva ölkənin turizm potensialı
haqqında təqdimatla çıxış edib və onun geniş turizm
perspektivlərini qeyd edib.

Tədbir çərçivəsində AZAL aviaşirkətinin Asiya və Yaxın Şərq
regionu üzrə marşrut şəbəkəsinin meneceri Elvin Raziyev təqdimatla
çıxış edib. O qeyd edib ki, Türkiyə Azərbaycanla reyslərin yerinə
yetirilməsinin sayına görə aparıcı ölkədir.

İstanbul AZAL QSC-nin marşrut şəbəkəsində ən çox uçuşlar həyata
keçirilən şəhərdir. Reyslər həm “Azərbaycan Hava Yolları”
tərəfindən İstanbulun yeni hava limanına, həm də aşağıbüdcəli “Buta
Airways” aviaşirkəti tərəfindən Sabiha Gökçen hava limanına həyata
keçirilir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə
vətəndaşları yalnız biometrik şəxsiyyət vəsiqələrindən istifadə
etməklə iki ölkə arasında asanlıqla səyahət edə bilərlər. Səyahətin
rahatlığı ölkələrimiz arasında sərnişin axınının artırılması üçün
əlavə stimuldur.

Hər il Azərbaycandan və Türkiyədən minlərlə turist iki ölkə
arasında səyahət edir və bu rəqəm pandemiya səbəbindən tətbiq
olunan məhdudiyyətlər aradan qaldırıldıqca tədricən artmaqda davam
edəcək.

Teqlər: