Azadlığa buraxılan Gülara Abdullayeva yenidən həbs olundu (VİDEO)

Azərbaycanda saxta kriptovalyuta satmaqda şübhəli bilinərək saxlanılan və daha sonra azadlığa buraxılan Gülara Abdullayeva yenidən həbs olunub.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov bildirib ki, məhkəmənin qərarı ilə X.Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. G.Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin, sonradan G.Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirən Gülara Abdullayeva, Xəyal Yaxyayev saxlanılmışdı. Gülara Abdullayeva, Xəyal Yaxyayev internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil ediblər və vətəndaşlara uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.


Faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: