Azad olunmuş ərazilərin minalardan təmizlənməsi mühüm məsələdir – Aİ rəsmisi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Komitədən AzerTimes-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonağa məlumat verilib. Qeyd edilib ki, onların sosial problemlərinin həllini daim xüsusi diqqət yetirilir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərdiyi vurğulanıb. Bildirilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti ötən il işğaldan azad edilmiş ərazilərə – öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və laqyiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

Görüşdə qaçqınlıq və məcburi köçkünlüklə bağlı məsələlərin həllində beynəlxalq təcrübənin müxtəlif aspektləri, bunların ölkəmizdə tətbiqi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səmimi qəbula görə təşəkkür edib. O, işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı hərbi sursatlardan təmizlənməsinin mühüm məsələ olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Teqlər: