Xəbər - Humay Ağacanova – Trend:
Sənaye Parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcəklər.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində daha bir park – “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
“Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması bu sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır”, – deyə nazir müavini qeyd edib..
S.Ələkbərov bildirib ki, bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün də yeni imkanlar yaradacaqdır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye parkı ərazisinin bir hissəsi artıq mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
Bu Parkda artıq “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulmuşdur. Təməlqoyma mərasimində ölkə başçısı cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcəkdir.
Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur. Təbiidir ki, bu Sənaye Parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcəklər. Onlara böyük güzəştlər, o cümlədən vergi güzəştlərinin verilməsi nəzərdə tutulur”, – deyə o bildirib.