Azad olunmuş ərazilərdə hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xəzər rayonunda yeni tikilən “Buzovna-1” yarımstansiyasının açılışında Prezident İlham Əliyevə məlumat verərkən bildirib.
Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.