Azad olunmuş Azərbaycan ərazilərində 30 il ərzində yer üzündən silinmiş bir məkan gördüm – Fransalı deputat (FOTO)

Xəbər - Ləman Zeynalova – Trend:

Fransa Milli Assambleyasının deputatı Jan-Lük Raytzer AzerTimes-a və Fransanın “Lagazetteaz.fr” qəzetinə müsahibə verib.

Trend həmin müsahibəni təqdim edir:

– Azərbaycana budəfəki səfərinizin məqsədini bilmək istərdik.

– Məqsəd, problemlərin kökünü öyrənmək, Fransadan çox uzaq bir məsafədə baş verən hadisələri, Ermənistan-Azərbaycan münaqişəsinin tarixini araşdırmaqdan ibarətdir. Bundan başqa Fransada jurnalistlər, mətbuat orqanları və heç də hər şeydən xəbərdar olmayan siyasətçilər tərəfindən az işıqlandırılanları öz gözlərinlə görmək, hesab edirəm ki, daha əsasdır.

Məqsəd ondan ibarətdir ki, bir siyasi xadim kimi sahib olduğumuz informasiyaların mənşəyini araşdıraraq, Azərbaycan haqqında yekun bir məlumatımız olsun. Daha sonra bu məqsədlə Ermənistana səfər etmək lazım gələcək.

– Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəriniz sizdə hansı təəssüratları oyatdı?

– Sizə iki təəssürat haqqında danışacağam. Deputat olmamışdan əvvəl jurnalist kimi fəaliyyət göstərmişəm. Cəmi dörd ildir ki, Fransa Milli Assambleyasının üzvüyəm və otuz il jurnalist olaraq çalışmışam. On il ərzində, Uqanda, Liberiya, Şri-Lanka və digər yerlərdəki münaqişələri, vətəndaş müharibələrini işıqlandırmışam. Mən xeyli sayda dağıntılar görmüşəm. Çox sayda xaraba şəhərlər, tərk edilmiş evlər görmüşəm. Burada isə (işğaldan azad olunmuş Azərbaycan ərazilərində) otuz il ərzində yer üzündən silinmiş bir məkan gördüm. Bura artıq nə insanlar üçün, nə də digər canlılar üçün yaşayış yeri deyil, yer üzündən (xəritədən) silinmiş bir ərazidir. Burada məni təsirləndirən dağntılar deyil, daha çox, yerlə-yeksan edilmiş məzarlar və qəbiristanlıqlar oldu. Çünki yüzminlərlə məcburi köçkünün beynində daim onların bu torpaqlarda dəfn etdikləri baba-nənələri canlanır. Əslində, bu, bütün məcburi köçkünlər və bütün qaçqınların problemidir. Mən bir çox müharibə bölgələrindəki qaçqın düşərgələrində böyük bir humanitar təşkilat olan “Medecins sans Forntières” təşkilati ilə birlikdə çalışmışam. Bu, beynəlxalq miqyaslı bir problemdir. Hesab edirəm ki, köçkün düşmüş insanlar sülh əldə olunmayana qədər müharibənin doğurduğu problemləri heç vaxt tənzimləyə bilməyəcəklər.

Onu da qeyd edim ki. Azərbaycandakı köçkünlər və qaçqınlar hətta diplomatik münasibətlərdə də təmsil olunurlar. Azərbaycan elə bir dövlətdir ki, öz köçkün və qaçqınları üçün hər şey edir. Ancaq bizdə (Fansada) belə deyil. Belə ki, Azərbaycanda elə bir siyasət aparılır ki, burada köçkün və qaçqınlar tədricən millət vəkili, mühəndis və idarəetmə orqanalrında nüfuzlu şəxslər olurlar. Həqiqətən, mən buna heyranam. Azərbaycanda qaçqın və məcburi köçkünlər kənarda saxlanılmır, onlara kömək olunur və bu insanlar sonda ölkənin gələcəyini müəyyən edən şəxslərdən olurlar. Hesab edirəm ki, bu, möhtəşəmdir və Fransa üçün üzərində işləmək niyyətində olduğum məsələlərdən biridir. Çünki Fransada əcnəbilərlə buradakı kimi rəftar olunmur.

– Fransa-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivlərini necə dəyərləndirirsiniz?

– Hazırda Fransa ilə Azərbaycan arasında diplomatik çətinliklər var, amma problem nədir? Daha çox müzakirəyə, daha çox mədəniyyətlərarası tədbirlərin keçirilməsinə və beləliklə bir-birimizi tanımağa ehtiyacımız var. Buna görə də düşünürəm ki, parlament üzvlərinin ən ümdə rolu maarifləndirməkdən ibarətdir. Fransaya qayıdan kimi, deputat olaraq təmsil etdiyim şəhərdəki şirkətlərə təkliflər ünvanlayaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə mümkün qədər əlaqələr qurmağa dəvət edəcəyəm. Bu əlaqələri genişləndirməliyik və budəfəki səfərimizin məqsədi də budur. İkitərəfli əlaqələrimiz daha da gücləndirilməli və zəngin olmalıdır.

Teqlər: