Ağdam. Elçin Mehdiyev – Trend:
Biz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olaraq, siyasi müstəvidə hər zaman müxtəlif qətnamələr vasitəsilə Azərbaycana dəstək göstərməyə çalışmışıq. Eyni zamanda, BMT-nin Azərbaycanın lehinə qətnamələr qəbul etməsi üçün əlimizdən gələni əsirgəməmişik.
AzerTimes-ın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə və Gəncəyə səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Katibliyində iqtisadi məsələlər üzrə köməkçi Əhməd Qalaysa Siquanda deyib.
Ə.Qalaysa Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə sevindiyini diqqətə çatdırıb: “Biz İƏT olaraq, çox xoşbəxtik ki, nəhayət, Azərbaycan öz torpaqlarını erməni təcavüzkarlarından xilas edib. Onu da qeyd etmək istəyirəm ki, sülh dayanıqlı olmalıdır və öz torpaqlarını itirmiş məcburi köçkünlər geri qayıtmalıdırlar. Biz İƏT olaraq, çalışacağıq ki, hər zaman Azərbaycana bütün bərpa və yenidənqurma işlərinə həm iqtisadi, həm də humanitar formada yaxından dəstək olaq”.