Azad olunan ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb

Azad olunan ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

AzerTimes xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: “Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq”.

E.Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək.

Qeyd edək ki, fevralın 21-də Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.

Teqlər: