Xəbər - Ləman Zeynalova – Trend:
Azad edilmiş ərazilərin sənaye potensialı yaxın illərdə Azərbaycan iqtisadiyyatına töhfə verəcək.
Trend-in məlumatına görə, bu barədə “PricewaterhouseCoopers” şirkətinin “Doing Business and Investing in Azerbaijan Guide” hesabatında deyilir.
“”Uzun illər ərzində Azərbaycan ərazilərinin 20 faizinin işğalı ölkəyə bu torpaqların iqtisadin potensialından yararlanmağa imkan vermirdi. 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün imkanlar və əlverişli şərait yaratdı”, – hesabatda deyilir.
Qeyd olunur ki, azad edilmiş ərazilərin sənaye potensialı çox yüksəkdir.
“Zəngin su ehtiyatları, faydalı qazıntılar, elektrik enerjisi potensialı, sənaye rekreasiyası imkanları azad edilmiş ərazilərin sənaye potensialının əsasını təşkil edir. 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər bölgələri ilə birləşdirəcək dəhlizin bərpası da həm Azərbaycan, həm də regionun digər ölkələri üçün yeni imkanlar yaradacaq”, – hesabatda bildirilir.
Hesabatda vurğulanır ki, Azərbaycan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılmasına başlayıb.
“Azad edilmiş ərazilər üzümçülük, taxıl istehsalı, pambıqçılıq və heyvandarlıq sahələrində böyük potensiala malikdir. Aqrar emal sənayesi genişləndikcə və bu potensialın düzgün istifadə olunacağı halda kənd təsərrüfatının dayanıqlı inkişafı təmin olunacaq. Azərbaycan son illərdə regionun güclü sənaye mərkəzinə çevrilib və bunu sənaye sahəsində əldə olunan göstəricilər təsdiq edir”, – hesabatda deyilir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)