Azad edilmiş ərazilərin müdafiəsi məqsədilə qoşunlar hazır vəziyyətdə saxlanılıb – Müdafiə Nazirliyi

Xəbər - Samir Əli – Trend:

2021-ci ildə Azərbaycan Ordusunun gündəlik döyüş fəaliyyəti Silahlı Qüvvələrin Ali Baş Komandanının göstəriş və tapşırıqları, Müdafiə naziri və Baş Qərargah rəisinin əmr və direktivləri əsasında torpaqlarımızın, ərazi sularının və hava məkanının müdafiəsi, o cümlədən mümkün təxribatların qarşısının alınması və müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə həyata keçirilib.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə müdafiənin təşkili və dayanıqlılığının təmin edilməsi məqsədilə qoşunların hazır vəziyyətdə saxlanılması üzrə tapşırıqlar yerinə yetirilib.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi 2021-ci ildə də davam etdirilib. Ordunun keyfiyyətcə yüksək, müasir standartlara çatdırılması tapşırıqları uğurla yerinə yetirilir.

Vətən müharibəsinin təcrübəsi nəzərə alınmaqla qoşunların imkan və qabiliyyətlərinin artırılması, idarəetmə orqanlarının optimallaşdırılması, səfərbərlik, əməliyyat və döyüş hazırlığının təkmilləşdirilməsi üzrə planlı tədbirlər həyata keçirilir.

Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən fəaliyyətlər öz mahiyyəti və miqyası ilə əvvəlki illərdən xeyli fərqlənir. Bu çətin, lakin şərəfli dövrdə qarşıya qoyulan tapşırıqlar Azərbaycan Ordusu tərəfindən real vəziyyət nəzərə alınmaqla müvəffəqiyyətlə yerinə yetirilib”, – deyə A.Eyvazov bildirib

Teqlər: