Azad edilmiş ərazilərin ərzaq təhlükəsizliyinin təminində böyük potensialı var – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.

Bunu AzerTimes-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, həmin ərazilərdə mühüm kənd təsərrüfatı məhsullarının becərilməsi zərurətə çevriləcək.

“Son dövrlərdə dünya bazarında taxılın, süd məhsullarının, bitki yağlarının və digər məhsulların qiymətləri xeyli dərəcədə artıb. İşğaldan azad edilmiş ərazilər bu məhsulların yetişdirilməsi üçün əlverişlidir. Misal üçün Füzulidə, Ağdamda böyük taxılçılıq əraziləri olub. Kəlbəcər, Laçın, Qubadlı heyvandarlıq üçün vacib rayonlardır, çünki çox geniş otlaq sahələrinə malikdir. Digər rayonlarda arıçılığın, balıqçılığın, quşçuluğun inkişafı üçün böyük potensial var. Bu baxımdan həmin ərazilərdə bu və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əhalinin ərzaqla təminatında mühüm rol oynaya bilər”, – deyə T.Rzayev vurğulayıb.


T.Rzayev qeyd edib ki, işğaldan azad edilən ərazilər eyni zamanda ixrac yönümlü məhsulların becərilməsi üçün geniş imkanlara malikdir.

“Şərabçılıq, tütünçülük, pambıqçılıq məhsulları xaricə daha çox ixrac olunan, valyuta gətirən məhsullardır və yüksək satış qiymətinə malikdirlər. Həmin ərazilərdə qeyd olunan sahələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur”, – deyə T.Rzayev əlavə edib.

Teqlər: