Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə prioritetlər arasına təhlükəsizlik, infrastruktur layihələr, iqtisadi fəallıq və iqtisadiyyat sahəsində digər addımlar daxildir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı departamentinin direktor müavini Vüsal Qarayev Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.
“Burada avtomobil və dəmir yollarının tikintisi və bərpası üzrə işlər reallaşdırılacaq. Biz sahibkarlıq fəaliyyətinin aktivləşdirilməsi üzərində işləyirik. Bu ərazilərdə bütün obyektlərin inventarlaşdırılması da vacib addımdır”, – deyə o bildirib.
Nazirlik rəsmisi bildirib ki, investisiyaların cəlb olunması üçün vacib infrastruktur obyektlərindən biri avtomobil və dəmir yollarıdır.
“Azad edilmiş ərazilərdə hava limanları yük daşımalarının və turizmin artmasına xidmət edir. Bu obyektlər həm də Şimal-Cənub dəhlizi üçün vacib əhəmiyyət daşıyır. Elektrik enerjisi təminatı da əhalinin gələcəkdə köçürülməsi üçün stimul olacaq. Bu baxımdan biz su elektrik stansiyasının tikintisi, alternativ enerji mənbələrinin inkişafı üzrə danışıqlar aparırıq. Bütün bu infrastrukturlar investisiyaların cəlb olunması üçün vacib obyektlərdir”.
(Tərcümə: Orxan Nəbiyev)