Xəbər - Elçin Mehdiyev – Trend:
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ərazilərimizin 30 illik işğalına son qoydu. Lakin 30 il ərzində ərazilərimiz vandalizmə məruz qalıb, ermənilər şəhər və qəsəbələrimizi, kəndlərimizi tamamilə dağıdıblar. Bütün yaşayış və sosial binalar, yollar, infrastruktur tamamilə məhv edilib və insan yaşayışı üçün heç bir imkan qalmayıb. Bu baxımdan, işğaldan azad edildikdən sonra həmin ərazilərin bərpası və yenidənqurulması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir və hazırda həmin ərazilərdə sürətli işlər həyata keçirilir.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərtliyi və düşünülmüş siyasəti nəticəsində müharibə bitəndən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı.
“Bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz həmin ərazilərin yenidən qurulması və bərpasıdır. Müharibə bitdikdən dərhal sonra ilk növbədə təhlükəsizlik məsələlərinin həll edilməsinə başlanıldı. Bildiyiniz kimi, işğal dövründə ermənilər tərəfinən ərazilərimizdə minlərlə mina basdırılıb. Həmin ərazilərin bir hissəsində minalar təmizləndikdən sonra orada infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaradıldı.
Bu günə qədər məhz Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 200-ə yaxın insan həlak olub və ya yaralanıb. Bu, insanlığa qarşı olan bir cinayətdir”, – deyə deputat bildirib.
O qeyd edib ki, azad edilən ərazilərdə indiyə qədər aparılan yenidənqurma və bərpa işlərinin miqyasına baxdıqda görərik ki, müharibələrdən çıxmış ölkələrin heç birinin tarixində belə qısa müddət ərzində bu qədər böyük işlər görülməyib.
“Azərbaycan bütün bu işləri öz hesabına həyata keçirir. Bu, bir daha Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir və düzgün qurulmuş strategiyanın, yürüdülmüş siyasətin məntiqi nəticəsidir”, – deyə C.Osmanov qeyd edib.
Milli Məclisin deputatı Elşən Musayev də AzerTimes-a açıqlamasında deyib ki, Qarabağda qısa zaman ərzində böyük işlər görülüb, bu ərazilərdə genişmiqyaslı dirçəliş başlayıb, yollar çəkilib, infrastruktur formalaşıb.
“Bu proses, gedişat çox sevindiricidir və üstəlik, dövlətimiz məlum istiqamətdə yalnız və yalnız öz gücünə güvənir, hər bir işi öz resursları, öz qüvvəsi hesabına görür. Eyni zamanda, qeyd edim ki, belə bir sürətli bərpa və yenidənqurma işlərinin aparılması müharibədən yeni çıxmış ölkələrin praktikasında bir ilkdir. Bəlkə də dünya tarixində müharibədən çıxandan sonra bu qədər sürətlə quruculuq işləri görən ikinci ölkə olmayıb. Həmin sürətin səbəbi isə ölkəmizin gücü, yürüdülən məqsədyönlü siyasət və ortaya qoyulan iradədir.
Mən bir dəfə Şuşada olmuşam. Tam ünvana qədər rahat getdik. “Zəfər yolu” o qədər sürətli çəkilib ki, bunun adına yalnız möcüzə demək olar. Üstəlik, söhbət bir tək yoldan getmir. İçməli və suvarma suları ilə təminat imkanlarının genişləndirilməsi, qaz borularının çəkilməsi, işıq dirəklərinin qoyulması, binaların, abidələrin bərpası, yeni yolların, tunellərin ərsəyə gəlməsi, əlqərəz hər şey və hər şey ondan xəbər verir ki, tezliklə Qarabağa böyük qayıdış olacaq”, – deyə deputat qeyd edib.
O vurğulayıb ki, eyni zamanda, nəzərə almaq lazımdır ki, Qarabağda işlər son dərəcə mürəkkəb relyefə və sərt iqlimə malik olan ərazilərdə aparılır.
“Aidiyyəti dövlət qurumlarının əməkdaşları durmadan çalışır, hamı öz üzərinə düşən işi ləyaqətlə görür. Çünki hər kəsin əsas arzusu tezliklə Qarabağın tam bərpası və doğma torpaqlara böyük qayıdışdır”, – deyə E.Musayev əlavə edib.