Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycanla Türkiyə arasında əməkdaşlığın möhkəmlənməsi davamlı şəkildə həyata keçirilir və bu, iki qardaş ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına çox təsir göstərir.
AzerTimes-ın məlumatına görə, bunu Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumunda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, iki ölkənin sənaye, turizm, nəqliyyat və ticarət sahələrində çalışan sahibkarlarının Forumda iştirakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.
M.Cabbarov qeyd edib ki, Forum çərçivəsində bir sıra sahələrdə, o cümlədən tekstil sənayesi sahəsində də memorandumların imzalanması planlaşdırılır ki, bu da Azərbaycanla Türkiyə arasında daha da sıx əməkdaşlıq üçün möhkəm zəmin olacaq.
İqtisadiyyat naziri bildirib ki, hazırda Azərbaycanda fəal şəkildə özəlləşdirmə aparılır. Prezidentin Sərəncamına əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Bundan əlavə, mədən sənayesində türkiyəli tərəfdaşlarla birlikdə bəzi qızıl və mis yataqlarının istismarına yönəlmiş daha bir memorandumun imzalanması gözlənilir.
Nazir vurğulayıb ki, Azərbaycan Prezidentin rəhbərliyi altında erməni işğalından azad edilmiş əraziləri abadlaşdıracaq və bu, iki ölkənin sahibkarları üçün böyük imkanlar açacaq. Bu istiqamətdə işlər artıq başlayıb:
“Birgə Azərbaycan-Türkiyə investisiya fondunun yaradılması, iki ölkə arasında böyük müəssisələrin və böyük layihələrin, o cümlədən birgə texnologiyaların mübadiləsinə yönəlmiş layihələrin həyata keçirilməsi kimi təşəbbüslər vəzifələrimizin daha sürətli icrasına kömək edə bilər”.