Azad edilmiş ərazilərimizin daha bir əhəmiyyəti – Azərbaycan aviasiya qovşağına çevrilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni hava limanlarının inşası ölkəmizin aviasiya qovşağına çevrilməsinə imkan verəcək.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Füzuli ilə yanaşı işğaldan azad edilmiş digər ərazilərimizdə də beynəlxalq hava limanlarının tikilməsi nəzərdə tutulur: “Bu hava limanları işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq uçuşlar həyata keçirəcək.

Füzulidə inşa ediləcək hava limanı yalnız sərnişin deyil, gələcəkdə yüklərin də daşınması üçün istifadə edilə bilər. Xüsusən nəzərə alsaq ki, Naxçıvan dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq və bu isə daha geniş nəqliyyat dəhlizlərinə çıxış imkanları deməkdir, təbii ki, hava limanları vasitəsilə də həmin dəhlizlərə çıxış imkanları artırılacaq.

Bu baxımdan bütövlükdə Azərbaycanın coğrafi yerləşməsini nəzərə alsaq, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq hava limanları istifadəyə verildikdən sonra Azərbaycanın da regional aviasiya qovşağına çevrilməsinə imkan yaranacaq:

“Ümumiyyətlə Azərbaycan nəqliyyat dəhlizlərində qovşağa çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir, eyni zamanda Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına töhfə verən ölkədir. Bu imkan verəcək ki, Azərbaycan regional aviasiya qovşağına da çevrilsin. Bu, aviasiya vasitəsilə sərnişinlərin, eləcə də yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq”.

Teqlər: