Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə müasir sosial xidmət infrastrukturunun qurulması, reabilitasiya, peşə hazırlığı müəssisələrinin yaradılması təmin ediləcək.
AzerTimes-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, həmin ərazilərdə məşğulluğun təmin olunması və kiçik bizneslərin yaradılması üçün geniş özünüməşğulluq proqramları icra olunacaq.
“Nazirliyimiz post-müharibə dövründə çox ciddi sosial dəstək proqramları həyata keçirib. Bu proqramlar şəhid ailələrini, müharibə əllilərini, müharibə iştirakçılarını, erməni terrorundan əziyyət çəkən insanları əhatə edir. Post-müharibə dövründən bu günə qədər qeyd etdiyim kateqoriyadan olan 33 min vətəndaşımıza 41 mindən artıq xidmət göstərilib. Şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəkdən danışarkən ilk növbədə qarşıda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır” – deyə, nazir müavini bildirib.