İşğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər qadın sahibkarlarımız da var.
AzerTimes-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.
O.Məmmədov bildirib ki, ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu baxımdan yaranan yeni reallıqlara çevik reaksiyanın verilməsi üçün qadın sahibkarların iştirakı ilə bu cür tədbirlərin və müzakirələrin təşkilini olduqca vacibdir.
“Düşünürəm ki, bugünkü tədbirin təşkili qadın sahibkarların Qarabağ və Şərqi Zəngəzurda biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi, qadınların təkliflərinin dinlənilməsi və onların sözügedən iqtisadi rayonlarda sahibkarlıq fəaliyyətinin təşviqi baxımından əhəmiyyətli olacaqdır.
Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. Bu müraciətlər arasında qadın sahibkarlarımızın da müraciətləri də diqqəti cəlb edir. Bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir ki, onların da 24-ü investisiya layihələri, 18-i isə digər iş və xidmətlərin həyata keçirilməsinə aiddir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-isə səhiyyə sahələri üzrə olmuşdur”, – deyə O.Məmmədov qeyd edib.