Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası
və yenidənqurulması istiqamətində işləri davam etdirir. Ağdam
rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində məskunlaşma olan
obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata
keçirilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış
Əlaqələndirmə Qərargahından AzerTimes-a verilən məlumata görə, Ağdam
rayonunun Xıdırlı kəndində içməli su təchizatının bərpası
təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və
məskunlaşma olan obyektlərə içməli suyun verilməsini əhatə edir.
Xıdırlı kəndində və ətraf ərazilərdə işğaldan əvvəl içməli su
təchizatı sistemləri mövcud olmayıb. Kəndə suyun verilməsi ilə
bağlı “Azərsu” ASC mütəxəssisləri tərəfindən tədqiqat və
qiymətləndirmə işləri aparılıb və layihə hazırlanıb. Layihəyə
əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan
verilməsi qərara alınıb.
Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq
subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su
xətlərinin tikintisi yekunlaşıb. Suyun optimal idarə olunması
məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və
suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun
işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması
işləri görülür.
Qeyd edək ki, bundan əvvəl Ağdam rayonu ərazisində
Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi
çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib,
su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa
edilib.
Eyni zamanda Ağdam şəhərini və ətraf kəndləri dayanıqlı və
keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat
quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində
tədqiqat işləri davam etdirilir.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə içməli su
təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən
aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində 400-dək obyekt
içməli su ilə təmin edilib.
Hazırda Şuşa, Kəlbəcər, Zəngilan şəhərləri və Hadrut qəsəbəsində
“Azərsu” ASC-nin xidmət sahələri yaradılıb və fasiləsiz xidmət
təşkil olunub.