Azad edilən torpaqlarımızın çiçəklənməsi məkrli düşmənə növbəti zərbədir – Pərvin Kərimzadə

Ölkəmiz müasir tarixinin ən qüdrətli dövrünü yaşayır. 30 il əsirlikdə qalan torpaqlarımız Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azadlığa, əsl sahiblərinə qovuşdu. Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən güc alan müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşməni darmadağın etdi. Cəmi 44 gün ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz hərbi-siyasi yolla bərpa edildi, dəmir yumruqla düşmənin başı əzildi, maddi sərvətlərimiz, mənəviyyatımız, mədəni dəyərlərimiz talandan, məhv edilməkdən xilas olundu.

Bu barədə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirən, xalqın ən müqəddəs arzusunu uğurla gerçəkləşdirən, verdiyi bütün vədlərə sadiq qalan dövlətimizin başçısı 30 illik yurd həsrətimizə, Qarabağ münaqişəsinə birdəfəlik son verdi. “Qarabağ Azərbaycandır və nida” deyən Prezidentimiz səbr, təmkin və iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti sayəsində yüz minlərlə məcburi köçkün qəribçilikdən, Vətəndə yurd həsrəti çəkməkdən qurtuldu.

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə bütün dünya ərazilərimizin erməni vandallığının qurbanı olduğunun, şəhər və kəndlərimizin viran qaldığının, erməni vəhşiliyinin şahidi oldu. Hər kəs tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edildiyini açıq-aşkar gördü. İşğal dövründə kənd və şəhərlərimizin dağıdılması hər birimizin qəlbini göynətdi.

Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Prezident İlham Əliyev 30 il ərzində erməni terrorçularının işğalında qalan, talan edilən şəhər və kəndlərimizin bərpası ilə bağlı qərarlar verdi.

“Onlar hesab etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik. Onlar hesab edirdilər ki, heç vaxt biz oraya qayıtmayacağıq”. Fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev erməni faşizminin ən qəddar, ən təhlükəli ideologiya olduğunu qeyd edib, xalqımızın hansı bəlaya qarşı mübarizə apardığını bildirib: “Onlar hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar”.

Erməni vandalları anlamalıdırlar ki, 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində böyük zəfərin qazanmasını şərtləndirən faktorlardan biri də ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardır. Düşmən 2016-cı ilin Aprel qələbəsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa zaman kəsiyində gülüstana çevrildiyini unutdu. Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsi, işğaldan azad edilən şəhər və kəndlərimizin inkişafı, çiçəklənməsi xain düşmənə növbəti zərbədir.

Teqlər: