Füzuli. Samir Əli – Trend:
Digər qoşun növləri ilə yanaşı, Vətən müharibəsində mühəndis qoşunlarının da rolu əvəzsizdir.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuaqt katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Azərbaycan Ordusu əks-əməliyyatlar zamanı Füzuli rayonunun 4 kəndini, sonra isə qısa müddətdə Füzuli şəhəri daxil olmaqla rayonun bütün ərazisini işğaldan azad edib: “Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 44 gün ərzində işğalda olan bütün ərazilərimizi azad etdi. Uzun müddət döyüş hazırlığı ilə məşğul olan mühəndis qoşunlarının hər bir istehkamçısı Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək məqsədilə yüksək peşəkarlıq göstərərək əzmlə vətənə faydasını verdi. Mühəndis qoşunlarının hissə və bölmələri rəhbərlik tərəfindən qiymətləndirildi, təltif olundu”.
A.Eyvazov deyib ki, hazırda Azərbaycan Ordusunun bölmələri işğaldan azad edilən ərazilərdə yerləşdirilib: “Digər bölmələr kimi, mühəndis bölükləri də bu ərazilərdə tapşırıqlarını icra edirlər. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi, mina və digər maneələrdən təmizlənməsi üçün mühəndis qoşunları əlindən gələni edir. Vətən müharibəsi dövründə qoşunlarımızın irəliləməsi üçün istehkamçılar yolları minalardan təmizləyib yeni yollar çəkirdi. Hazırda mühəndis qoşunlarımızın bölmələrinin hərbi qulluqçuları, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə birlikdə işğaldan azad olunan ərazilərimizin mina və partlamamış digər sursatlardan təmizlənməsini davam etdirilər”.