Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan
Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad
edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının
hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar
örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə
yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Eyni zamanda, əkin sahələrinin minalardan təmizlənməsi üzrə
fəaliyyətlər icra olunur.
Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin
fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək olan müddət ərzində
374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından
tam təmizlənib.
İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam
bölmələri tərəfindən 13868 hektardan artıq ərazi minalardan
təmizlənib. Ümumilikdə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank
əleyhinə və 9012 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv
edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş
sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis
təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.