Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev döyüş hazırlığını
qəfil yoxlamaq məqsədilə Şuşa və Hadrutda dislokasiya olunan
bölmələrdə olub.
Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı
səviyyəsinə gətirilməsi, komandirlərin çevik qərar qəbuletmə və
qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, döyüş növbəsinin
gücləndirilməsi və digər fəaliyyətlər məşq etdirilib.
Baş Qərargah rəisi döyüş, fiziki və mənəvi-psixoloji hazırlıq
səviyyəsinin daha da artırılması, hərbi intizamın
möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə
əlaqədar aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar
verib.
Sonra general-polkovnik K.Vəliyev komando hərbi hissələrindən
birində yaradılan şəraitlə tanış olub.
Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qayğıları ilə
maraqlanıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Vətən
müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqların Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bir daha
şəxsi heyətin diqqətinə çatdırıb.
General-polkovnik K.Vəliyev şəxsi heyəti Novruz bayramı
münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib,
onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Daha sonra komandir heyətinin iştirakı ilə xidməti müşavirə
keçirilib, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu
tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.
Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir
heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də
silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların
imkanlarının öyrənilməsi, Vətən müharibəsində qazanılan təcrübə ilə
yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin
real döyüş şəraitinə uyğun davam etdirilməsi, həmçinin bayram
günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müvafiq
göstərişlər verilib.