Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində
Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət
və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının
yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Müdafiə nazirinin müavinləri – Maddi-Texniki
Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və
Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni
inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura
baxış keçirib.

Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla inşa olunan
infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam
qarşılanıb. Burada qərargah binası, yataqxana, hamam-sanitar
qovşağı, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya
anbarı, qazanxana, ideoloji sinif, xidməti, məişət və silah
otaqları mövcuddur. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan
yeməkxana binası müasir standartlara cavab verən məişət texnikası
və inventarla təchiz edilib.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması
məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, hərbi
qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman
şəhərciyi salınıb. Ərazidə abadlıq işləri aparılıb, müxtəlif növ
ağaclar əkilib.
Nazir müavinləri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha
da yaxşılaşdırılması ilə bağlı müvafiq göstərişlər verib.

Sonra general-leytenant N.Osmanov və general-leytenant
Ə.Əfəndiyev şəxsi heyətlə görüşərək onların qayğıları ilə
maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Ramazan bayramı
münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik
edərək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular yaradılan
yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana
və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Sonda müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqları
şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu
qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Teqlər: