Aynur Səfərli elə bilir ki, mən ölmüşəm, “oğurlamaq” olar…

Aynur Səfərli elə bilir ki, mən ölmüşəm, “oğurlamaq” olar…

İranda Mənuçehri adlı bir alim var idi. Bir neçə il əvvəl dünyasını dəyişib. O, ciddi elmi kəşfləri olan Qərb alimlərinin əsərlərini fars dilinə tərcümə etmək bəhanəsi ilə onların adından uydurma kitablar düzəldir və bu kitablarda onların adından yazırdı ki, guya bu kəşflər Quranın hansısa ayələrinə əsaslanır və ya bu kəşfi ilk dəfə İmam Cəfər Sadiq deyib, mən isə onu laboratoriya şəraitində təsdiqləmişəm. Belə şeylərə xalqda maraq böyük olduğuna görə Mənuçehrinin kitabları da yaxşı satılırdı.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış alim, filologiya elmləri doktoru Kamil Allahyarov (Hüseynoğlu) qeyd edib.

O bildirib ki, İranda olan ciddi alimlər Elm və Təhsil Nazirliyinə şikayət edirlər ki, Mənuçehri belə kələkbazlıqlarla məşğul olur:

“Mənuçehrinin kitabları rejimin ideologiyasına uyğun olduğuna görə nazirlik də heç bir tədbir görmür. Onda bu iranlı alimlər Almaniyada olanda İranda fars dilində çap olunmuş həmin kitablardan birini alman alimlərindən birinə verirlər ki, sizi təbrik edirik, İranda kitabınız nəşr olunub. Professor soruşur ki, bu kitabın adı nədir? İranlılar kitabın adını deyəndə ptafessor çox təəccüblənir və deyir ki, mənim o yazım kitab deyil, kiçik bir məqalədir. Məsələdən agah olandan sonra professor deyir ki, bu adamla tanış olmaq mənim üçün çox maraqlıdır. Ona görə də bütün xərcləri mənim üzərimdə olmaqla, mən onu Almaniyaya dəvət edirəm.

İran alimləri dəvətnaməni gətirib Mənuçehriyə verəndə isə o, təəcüblə soruşur: “Məgər o hələ ölməyib, sağdır?” Ona cavab verirlər ki, bəli, sağdır, gördüyünüz kimi, sizə də dəvətnamə göndərib. Mənuçehri bir az düşünəndən sonra deyir ki, onda gedin ona deyin ki, Mənuçehri ölübdür.

İndi ağlımdan da belə bir fikir keçdi ki, yəqin mənim məqaləmi internetdə öz adına yayımlayan Aynur xanım da elə düşünüb ki, mən artıq cənnətdə kef edirəm”.

Qeyd edək ki, Kamil Hüseynoğlu “Alp Ər Tonqa və Əfrasiyab eyni şəxslər deyillər” adlı araşdırmasının Aynur Səfərli adlı alim tərəfindən oğurlanaraq, “Real tarixi şəxsiyyət Alp Ər Tonqa əfsanəvi Turan şahı Əfrasiyabdırmı?” adı ilə yayımlandığından şikayətçidir.

Teqlər: