AYİB Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

Kamola Mahmudova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən ölkə nümayəndəliyinin rəhbəri təyin edilib.

AzerTimes AYİB-ə istinadən xəbər verir ki, bu vəzifə ilə İvana Duarteni əvəzləyən K.Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edən cavabdeh şəxs olacaq.

“Mən AYİB-in portfelində “yaşıl” keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. “Yaşıl” keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir,” – deyə xanım Mahmudova bildirdi.

Özbəkistan və Böyük Britaniya vətəndaşı olan K.Mahmudova bundan əvvəl AYİB-in Ticarətin Asanlaşdırılması Proqramı”nda (TAP) rəhbər vəzifələrdə çalışmışdır. Xanım Mahmudova 2009-cu ildən Bankın Yaxın Şərq, Şimali Afrika və Kipr regionlarında genişlənməsinə rəhbərlik edərək qlobal missiyanı yerinə yetirmişdir. O, ticarətin maliyyələşdirilməsinin inkişafı, uyğunluq və müxbir bankçılığın rəqəmsallaşdırılması istiqamətində Beynəlxalq Ticarət Palatası, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu ilə siyasətlərin müəyyən olunması üzrə dialoqlarda aparıcı rol oynamışdır.

K.Mahmudova karyerasına “ABN AMRO Bank”-da başlamış, daha sonra “Sumitomo Mitsui Bank Korporasiyası”na keçərək korporativ bankçılıq sahəsində çalışmışdır. Onun dövlət və özəl sektorda geniş bankçılıq və infrastruktur təcrübəsi ilə yanaşı, kompleks strategiya və əsas donorların idarə edilməsi istiqamətində dərin bilikləri də mövcuddur. TAP-ın rəqəmsallaşdırılması ilə bağlı fəaliyyəti sayəsində AYİB çox uğurlu, beynəlxalq səviyyədə akkreditasiya olunmuş Ticarətin Maliyyələşdirilməsi Elektron Təhsil Proqramının işlənib hazırlanması mümkün olmuşdur. 9000-dən çox tələbəyə malik olan bu proqram ticarətin maliyyələşdirilməsi sahəsində dünyada ən böyük təlim proqramıdır.

AYİB Azərbaycanda mühüm institusional investor olmaqla, bu günədək ölkədə 177 layihənin icrasına dəyəri 3,2 mlrd avrodan çox investisiya yatırmışdır. Bankın əsas fəaliyyət istiqaməti ölkənin qeyri-neft sektoru, yerli bankların gücləndirilməsi və “yaşıl” iqtisadiyyatda investisiyaların təşviq edilməsidir.

Teqlər: