Aygünün nəğməsini ölümü ilə məhv emək mümkün deyil

Aygünün nəğməsini ölümü ilə məhv emək mümkün deyil

Vida mərasimində artıq deyilmiş həqiqəti bir daha ifadə etmək günah yox, savabdır.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Dillər Universitetinin professoru Qorxmaz Quliyev əməkdar artist Aygün Bəylərin vəfatı ilə bağlı yazıb.

“Hər bir nəğmənin üç yaradıcısı olur – sözlərini yazan şair, melodiyasını nizamlayan bəstəkar və ifa edən müğənni. “Tut ağacı” həm sözləri, həm melodiyası həm də ilk ifaçısı baxımından şedevrdir. Özü də şairin səmimi sözlərinə mərhəmlik verən, hər bir insan üçün özünəməxsus şəkildə fərdiləşən musiqi və ruhi qısaqapanma yolu ilə dinləyicinin ürəyinə yol tapan ifa. Bu üç nəfərin əl-ələ, könül-könülə verib yaratdıqları nəğmənin sözləri də, bəstəsi də möcüzədir. Əgər “Tut ağacı”nın kuliminasiyası onun ifasındadır desəm, nə şair (Zakirə Allahverdiyeva), nə də bəstəkar (Aygün Səmədzadə) məndən inciməz. Özü də bu gündə. Aygün özünün “Tut ağacı”nı oxuyurdu/oxuyur. Lakin səbəbini axıra kimi dəqiqləşdirə bilmədiyim möcüzə ilə mənim – İkinci Dünya savaşının qurtarar-qutarmazında balaca Qorxmazın həqiqətlərini də canlandırır. Bəlkə elə möcüzə Bakı kəndlərinin küçələrinə ehsan kimi əkilən, bütün yoldan keçənlərə öz nemətini təklif edən tut ağaclarındadır?! Son illərdə kəndlərimizdə bitki xərçənginə (zəhrimara!) yoluxmuş xeyli möhtəşəm və xeyirxah tut ağacı məhv oldu, Aygün həmin ağacların taleyini yaşadı. Lakin insanlar yeni ağaclar əkdilər. Artıq onların meyvəsini dadmaq mümkündür. Bu məndə nikbin ovqat yaradır – Aygünün nəğməsini də onun dünyasını dəyişməsi ilə məhv emək mümkün deyil. Onun möcüzəsi fidan-fidan könülləri oxşayacaq. Əminəm!

Allah rəhmət eləsin”, – professor bildirib.

Teqlər: