Rapid üzrə onlayn dünya kuboku turnirinin seçmə mərhələsi çərçivəsində 18, 16 yaşlı oğlanlar, 10, 12 yaşlı qızlar arasında yarışlara yekun vurulub.
Trend xəbər verir ki, on səkkiz yaşlıların mübarizəsində uğurla çıxış edən təmsilçimiz Aydın Süleymanlı 8,5 xalla bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Digər şahmatçılarımız Əhməd Əhmədzadə 35-ci, Vüqar Manafov (hər ikisi 6 xal) 38-ci, Elnur Teymurov (5 xal) 73-cü yerləri tutublar.
On altı yaşadək şahmatçılar arasında 7,5 xal toplayan Xəzər Babazadə 5-ci, Şiroğlan Talıbov 12-ci olub. Sadiq Qarayev isə 6 xalla 57-ci pillədə qərarlaşıb.
On iki yaşlı qızların yarışında Xanım İsmayılova 7 xalla 19-cu yerə sahib olub. Ayan Hüseynli, Lalə Hüseynova isə 6 xalla 36-cı və 38-ci yerləri tutublar.
Təmsilçimiz Səadət Bəşirli isə 10 yaşlı qızlar arasında 7 xalla 14-cü sırada qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışlar başa çatıb. On yaşlı oğlanların yarışında Xaqan Əhməd, on iki yaşlılarda isə Cahandar Azadəliyev birinci yeri tutublar.
On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.
Seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.
Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.